...

"Akkord2 Korporasiyasi Kutaisi dolama yolunun tikintisinə star verdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2012 15:02 (UTC +04:00)
"Akkord2 Korporasiyasi Kutaisi dolama yolunun tikintisinə star verdi (FOTO)
"Akkord2 Korporasiyasi Kutaisi dolama yolunun tikintisinə star verdi (FOTO)

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Azərbaycanın "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın son 3 il ərzində Gürcüstan Respublikasında əhəmiyyətli layihələr icra edən törəmə müəssisəsi "Akkord Georgia" Kutaisi şəhəri yaxınlığında daha bir infrastruktur layihəsinin icrasına start verib. Beynəlxalq Şərq-Qərb yolu layihəsi çərçivəsində 17,3 km-lik beton örtüklü Kutaisi dolama yolunun tikintisi Yaponiyanın JICA bankı tərəfindən maliyyələşdirilir. Padeco Co.ltd. şirkəti tərəfindən hazırlanan layihənin icrasında "Akkord Georgia" subpodratçı kimi iştirak edir.
Tender dəyəri 55 milyon avrodan artıq olan I kateqoriya yolun əsas funksiyası Böyük İpək Yolu layihəsi üzrə Türkiyə-Gürcüstan-Azərbaycan və əksinə istiqamətdə yol alan yük avtomobillərinin Kutaisi şəhərinə daxil olmadan hərəkətini təmin etməkdən ibarətdir.

Fevral ayının 17-də Gürcüstan Prezidenti Mixeil Saakaşvili, regionların inkişafı və infrastruktur naziri Ramaz Nikolaişvili, "Akkord" Korporasiyasının rəhbəri Xaqani Quluzadə, layihənin podratçısı qismində çıxış edən "Todini-Takenaka" şirkətinin rəhbərliyinin iştirakı ilə yolun tikintisinə start verilib. "Akkord" Korporasiyasının əraziyə cəlb etdiyi texnika ilə yeni yolun 1-ci km-də torpaq-qazma işlərinin icrasına başlanılıb.

Təməlqoyma mərasimində Gürcüstan Prezidenti Mixeil Saakaşvili iştirak etmiş və "İpək yolu" layihəsi üzrə tikintisinə başlanmış yolun xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Sonra M.Saakaşvili "Akkord Georgia" şirkətinin tikintiyə cəlb etdiyi yeni texnikanı, yolun birinci kilometrində torpaq işlərinin gedişini nəzərdən keçirmişdir.

Layihə üzrə beton örtüklü Kutaisi dolama yolunun eni 11,5 metr, beton örtük qalınlığı 28 sm, yol çiyinlərinin eni 1,75 metr olacaq.Ərazidə görüləcək torpaq-qazma işlərinin həcmi 2,5 milyon m3-ə yaxındır.

Yolda 6 körpü və 4 ədəd körpü tipli yol qovşağının tikintisi nəzərdə tutulub. Bu körpülərdən biri Rioni çayı üzərində tikiləcək və uzunluğu 800 metrdən artıq olacaq. Yolda 466,9 metr uzunluğunda bir ədəd dəmiryolu körpüsü də tikiləcək. Layihə üzrə bütün körpülərin ümumi uzunluğu 1985,5 metrə bərabərdir. Körpülərin tikintisində istifadə olunacaq 800-ə yaxın 33 metrlik körpü tirlərinin hazırlanması üçün Kutaisi yaxınlığında xüsusi zavod qurulacaq.
Yolda həmçinin, düzbucaqlı boru, bokskalvert kimi digər infrastruktur və kommunikasiya qurğularının tikintisi də nəzərdə tutulur.

Sadalanan işlərin görülməsi üçün səfərbər olan "Akkord" artıq əraziyə 84 ədəd özüboşaldan maşın və xüsusi texnika cəlb edib, nəqliyyat vasitələri və xidməti personal üçün müvafiq kamp- düşərgə hazırlayıb. İşlərin tam gücü ilə davam etməsi üçün ərazidə daha iki belə düşərgənin salınması, iki ədəd beton zavodu, asfalt zavodu, iki ədəd qum-çınqıl karxanasının qurulması nəzərdə tutulub.
Yol-tikinti işləri çərçivəsində yol xətti üzərindəki bir sıra köhnə infrastruktur obyektlərinin söküntüsü də "Akkord" tərəfindən həyata keçiriləcək. Şirkət tərəfindən layihənin icrasına 500-ə yaxın işçi qüvvəsi cəlb edilib.

"AKKORD"UN GÜRCÜSTANDA HƏYATA KEÇİRDİYİ DİGƏR LAYİHƏLƏR

2009-cu ildən etibarən "Akkord Georgia" Gürcüstan ərazisində bir neçə əhəmiyyətli layihənin icrasını həyata keçirib. Bunlar Sveneti-Ruisi, Tsalka-Nardevani, Tbilisi-Tianeti, Kutaisi-Tsxaltubo-Tsaqeli-Lentexi-Lasdili və Kutasi-Tkibuli-Ambrolauri yollarının tikintisidir.
Bu layihələrdən Sveneti-Ruisi, Tsalka-Nardevani, Tbilisi-Tianeti və Kutaisi-Tsxaltubo-Tsaqeli-Lentexi-Lasdili yollarının tikintisi artıq tamamlanıb.

Tsalka-Nardevani yolu layihəsində 15 km-lik asfalt örtüklü yolun və 1 körpünün tikintisi həyata keçirilib. Layihə 2010-cu ildə tamamlanaraq təhvil verilib.

Tbilisi-Tianeti yolu layihəsində "Akkord-Georgia" yolun 8,3 km-lik hissəsindəki (51+000km - 59+300km) məsafədə yenidənqurma işləri aparıb. Layihə 2011-ci ildə tamamlanıb.
Kutaisi-Tsxaltubo-Tsaqeli-Lentexi-Lasdili yolu üzrə isə, 10 km-lik (29+000km - 39+000km) hissədə yolun yenidənqurma işləri aparılıb. Layihə 2011-ci ildə tamamlanıb.

Kutaisi-Tkibuli-Ambrolauri yolu layihəsində "Akkord-Georgia" şirkətinin üzərinə düşən vəzifə adıçəkilən istiqamətdə 12,23 km asfalt yolun (60+000 km - 72+230 km) yenidənqurma işlərini nəzərdə tutur. Yolda ümumilikdə 21 000 ton asfalt işləri görülməlidir. Layihə üzrə işlərin əksər hissəsi artıq həyata keçirilib.

Sveneti-Ruisi yolu üzrə 15 km-lik beton örtüklü yolun tiknitisi bu layihələr içərisində ən diqqətəlayiqidir. Yolda 877 metrlik körpü estakada və 780 metrlik ikitərəfli tunelin inşasını da həyata keçirən "Akkord" artıq yolun əsas hissəsini və tuneli tamamlayaraq təhvil verib. 2011-ci il noyabrın 28-də yolun və tunelin açılış mərasimində ölkə başçısı M.Saakaşvili iştirak edib.

Hazırda bu yolda ən son texnologiya ilə inşa edilən körpü-estakadanın tikinti işləri davam edir.

Akkord-Georgia" 2011-ci ilin yekunlarına əsasən, Tbilisidəki "Courtyard Marriot" otelində keçirilən rəsmi dövlət tədbirində yol-tikinti sahəsində "İlin şirkəti" elan edilib.

Gürcüstan "Akkord"-un xaricdə yolların tikintisi və nəqliyyat infrastrukturu yaratdığı yeganə ölkə deyil. Akkord Korporasiyasının öz fəaiyyətini uğurla həyata keçirdiyi ölkələrdən biri də Qazaxıstandır. "Qərbi Avropa - Qərbi Çin" beynəlxalq yol layihəsinin icrası çərçivəsində "Akkord" bu ölkədə iki lot üzrə 107 km asfalt örtüklü yolun tikintisi üzrə tenderin qalibi olub. Hazırda sözügedən layihə üzrə yolda torpaq-bərkitmə işlərinin xeyli hissəsi tamamlanıb, 40 km-dən artıq yolda asfalt döşəmə işləri görülüb.

2010-cu ildə "Akkord" Özbəkistanda Daşkənd-Termez yolunun tikintisi layihəsində iki lot üzrə keçirilən tenderin qalibi olub və hazırda bu ölkədə 179 km -lik yolun tikintisinə hazırlaşır.

2011-ci ildə isə, Korporasiya Ukrayna Respublikasında keçirilən tenderdə qalib gələrək Kiyev-Çop yolu layihəsi üzrə 114 km-lik magistralın tikintisinə qoşulub.

10 yanvar 2012-ci ildə keçirilən Korporasiya səhmdarlarının növbədənkənar iclasında nizamnamə kapitalının 24 mln. manatdan 84 mln. manata (təxminən 106 mln. ABŞ dolları) kimi artırılması barədə qərar qəbul edilmişdir. Bu qərar səhmdarların əlavə pul vəsaitləri və sadə adlı sənədsiz səhmlərin yerləşdirilməsi yolu ilə həyata keçirilib.

Nizamnamə kapitalının 100 mln. ABŞ dollarından yuxarı artması həm beynəlxalq bazarlarda investisiya potensialının gücləndirilməsi və rəqabətə dözümlülüyu artırır, həm də iri kapitalizasiya ilə Azərbaycan şirkətinin davamlı maliyyə inkişafı üçün möhkəm zəmin yaranır.

Hazırda "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC Azərbaycandan kənarda öz infrastrur və biznes layihələrini Gürcüstan, Qazaxıstan, Əfqanistan, Türkiyə, Ukrayna və Özbəkistanda həyata keçirir. Həmçinin, Avropa İttifaqı ilə işgüzar əlaqələrin möhkəmləndirilməsi üçün bu yaxınlarda Akkord Korporasiyanın Frankfurt şəhərində (Almaniya) nümayəndəliyi təsis edilmişdir.

Xəbər lenti

Xəbər lenti