Azərbaycan, Bakı, 23 fevral / Trend, müxbir A.Axundov /
Fevralın 22-nə olan məlumata görə, Azərbaycanın Vergilər Nazirliyi 2012-ci ilin yanvar-fevralında dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozu yerinə yetirib. Trend-in məlumatına görə, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov "Şəffaflıq və müasir texnologiyların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır" mövzusunda cümə axşamı keçirilən ictimai müzakirələr zamanı bildirib.
"Ötən il nazirlik dövlət büdcəsinə 5,5 milyard manat həcmində vəsait ödəyib ki, bu da 2010-cu ilin göstəricisini 27,5 faiz üstələyib. Dünyada belə artım nümayiş etdirən çox az ölkə var. Qeyri-neft sektorundan vergi daxilolmaları il ərzində 22 faiz artıb ki, bu da yaxşı dinamikadır", - Ələkbərov deyib.
Onun sözlərinə görə, bu il üzrə proqnozlar daha da sərt olacaq.
"Bu iki ay ərzində biz artıq proqnozu yerinə yetirmişik və bu sürəti ilin sonunadək saxlamağı planlaşdırırıq", - nazir müavini deyib.
Onun sözlərinə görə, bu gün nazirlik qarşısında duran əsas məqsəd əhalinin vergilərin könüllü ödənilməsinə keçididir.
"Hazırda bunun üçün imkanlar məhduddur və ona görə də QHT-lər və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın inkişafı vacibdir", - Ələkbərov deyib.