...

Beyləqanda "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2012 15:33 (UTC +04:00)
Beyləqanda "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda konfrans keçirilib.
Beyləqanda "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda konfrans keçirilib

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Beyləqanda "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda konfrans keçirilib. İqtisadi İnkişaf Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, konfransda Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Beyləqan rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 450-yə yaxın istehlakçı iştirak edib.

Konfransı giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev Azərbaycan iqtisadiyyatının dinamik inkişafının 2011-ci ildə də davam etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını, məşğulluğun artdığını, işsizlik səviyyəsinin azaldığını vurğulayıb. Bütün bunlar əhalinin artan təlabatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanlarının genişləndirilməsinə şərait yaratmaqla, istehlakçıların hüquqlarının daha etibarlı təmin olunmasını zəruri edir.

Dövlət Xidməti tərəfindən 2011-ci il ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

İnzibati xətaya yol vermiş təssərrüfat subyektlərinə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 1287,8 min manat cərimə tətbiq olunub. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol vermiş təsərrüfat subyektlərinə 306,8 min manat maliyyə sanksiyası tətbiq edilib.

Dövlət Xidməti tərəfindən ötən il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 160 min ədəd buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 ədəd yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar. Konfrans çərçivəsində iştirakçılara istehlakçı hüquqlarına dair maarifləndirici materiallar da paylanıb.

Xəbər lenti

Xəbər lenti