...

Çin metanol yanacağı ilə işləyən avtomobillərin sınaqlarına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2012 11:52 (UTC +04:00)
Dünyanın sürətlə inkişaf edən dövlətlərindən biri olan Çin də başqa ölkələr kimi alternativ enerji mənbələrinin axtarışı və ekoloji cəhətdən daha təmiz yanacaq növlərinin işlənib hazırlanması məsələsinə daha böyük diqqət yetirməyə başlayır.
Çin metanol yanacağı ilə işləyən avtomobillərin sınaqlarına başlayır

Azərbaycan, Bakı, 2 mart /Trend/

Dünyanın sürətlə inkişaf edən dövlətlərindən biri olan Çin də başqa ölkələr kimi alternativ enerji mənbələrinin axtarışı və ekoloji cəhətdən daha təmiz yanacaq növlərinin işlənib hazırlanması məsələsinə daha böyük diqqət yetirməyə başlayır.

Trend-in məlumatına görə, "China Daily" (chinadaily.com.cn) onlayn-qəzetində metanol yanacağı ilə işləyən avtomobillərin sınaqlarına başlandığı barədə məqalə dərc edilmişdir. Dünyanın bir çox alimləri bu yanacaq növünü gələcəyin nəqliyyat vasitələri üçün ən sərfəli və ekoloji cəhətdən təmiz yanacaq kimi qiymətləndirirlər.

Qəzet bildirir ki, bu ərəfədə Çin Xalq Respublikasının sənaye idarəsi bu aydan başlayaraq ölkənin üç əyalət bölgəsində metanol yanacağı ilə işləyən avtomobillərin sınaqlarına başlamaq istədiyini bəyan edərək, dünyanın ikinci ən iri iqtisadiyyatına malik olan ölkənin iqtisadiyyatı daha ekoloji əlverişli səviyyədə inkişafını sürətləndirmək barədə qərarını əks etdirmişdi.

Sənaye və informasiya texnologiyaları nazirliyi (MIIT) öz bəyanatında sınaqları növbəti iki və ya üç il ərzində Çinin qərb əyaləti Şaanksi, şimal əyaləti Şanksi və Şanxay şəhərində keçirəcəyi barədə xəbər vermişdi.

Bəyanatda deyilir ki, bu üç əyalətin yerli idarəetmə orqanları metanol yanacağı ilə işləyən avtomobillərin sınaqlarını ehtiyatlılıq baxımından təhlükəsizliyi üstün tutaraq keçirməlidirlər.

MIIT-dən bildirilmişdir ki, iki və ya üç ildən sonra bu üç bölgə metanol yanacağı ilə işləyən avtomobillərin iqtisadi məqsədəuyğunluğunun, etibarlılığının, iqtisadi səmərəliliyinin, təhlükəsizliyinin və onların ətraf mühitə təsirinin qiymətləndirilməsini başa çatdırmalıdırlar.

Həmçinin, nazirlik sınaqların nəticələrinə görə metanol yanacağı ilə işləyən avtomobillər üçün standart meyarların müəyyən edilməsində, lazımi infrastrukturda dəyişikliklərin edilməsi, yaradılması və idarə olunması, eləcə də sənaye strategiyalarının yaradılması üzrə həll yollarının tapılmasında yardım göstərilməsini gözləyir.

Nazirlikdən verilən məlumata görə, iki və ya üç il müddətində nəticələr əldə edildikdən sonra hökumət bu sınaqların genişləndirilməsinin və ya vaxtının uzadılmasının vacibliyi barədə qərar qəbul edəcəkdir.

MIIT-dən bildirilmişdir ki, seçilmiş bölgələrin üçü də metanolla əlaqəli olan texnologiyaların, o cümlədən, metanol yanacağı ilə işləyən avtomobillərin yaradılması sahəsində toplanılmış çox böyük təcrübəyə malikdir.

Misal olaraq, zəngin kömür ehtiyatlarına malik olan Şanksi əyalətində ümumilikdə 40-dan artıq metanol yanacağı doldurma stansiyası var, bu əyalətlə qonşu olan Şaanksi əyalətində isə yeddi metanol və benzin yanacaqlarını qarışdırma mərkəzi tikilmişdir.

Nazirlikdən verilən məlumata görə, Çin avtomobil sənayesinin sürətli inkişafına, xam neftin təchizatının tədricən azalmasına, habelə enerji resurslarından səmərəli istifadə olunması və ətraf mühitə atılan tullantıların azaldılması tələbinə cavab olaraq, 2009-cü ildə MIIT metanol yanacağı ilə işləyən avtomobillər üzrə tədqiqat işlərinə başladı.

Çinin 2011-2015-ci illər üzrə Beşillik planına uyğun olaraq, alternativ energetika dövlət tərəfindən dəstəklənən yeddi strateji sektordan biridir.

"China Daily" qəzeti qeyd edir ki, hökümət növbəti beş il ərzində yeni nəsl bioloji texnologiyalar, informasiya texnologiyaları və yeni növ materialların hazırlanması daxil olmaqla digər altı sektorla yanaşı alternativ energetika sektoruna 10 trilyon yuan (1,59 trilyon dollar) vəsait qoymağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti