...

Azərbaycan və Litva arasında mal dövriyyəsini artırmaq üçün iqtisadi əlaqələrin genişləndirilməsi vacibdir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2012 17:38 (UTC +04:00)
Azərbaycan və Litva beynəlxalq və regional təşkilatlar çərçivəsində sıx qarşılıqlı münasibətlər qurublar, Aİ-nin Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı təşəbbüsləri çərçivəsində uğurlu əməkdaşlığı davam etdirirlər.
Azərbaycan və Litva arasında mal dövriyyəsini artırmaq üçün iqtisadi əlaqələrin genişləndirilməsi vacibdir - nazir

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan və Litva beynəlxalq və regional təşkilatlar çərçivəsində sıx qarşılıqlı münasibətlər qurublar, Aİ-nin Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı təşəbbüsləri çərçivəsində uğurlu əməkdaşlığı davam etdirirlər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının ikinci iclası zamanı Azərbaycanın vergilər naziri Fazil Məmmədov bildirib.

"İki ölkə arasında mal dövriyyəsi potensial imkanlara cavab vermir və onun artırılması və şaxələndirilməsi üçün gələcəkdə iqtisadi əlaqələrin genişləndirilməsi vacibdir", - hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri Məmmədov deyib.

2010-cu illə müqayisədə mal dövriyyəsi 2011-ci ildə azalıb və cəmi 25 milyon dollar təşkil edib.

İki ölkənin aviaşirkətləri birbaşa avireysin açılması və Bakı-Vilnüs reyslərinin həyata keçirilməsi üçün işlər aparır ki, bu da ikitərəfli münasibətlərin inkişafına yardım edəcək.

Hökumətlərarası komissiyanın Litva tərəfdən həmsədri, eyni zamanda, bu ölkənin xarici işlər naziri Audronyus Ajubalisin sözlərinə görə, komissiya iki ölkə arasında əməkdaşlığın inkişafı üçün özünü yaxşı platforma kimi göstərib.

"Litva Azərbaycan və Aİ arasında üç tvininq-layihədə iştirak edib. Bu iştirak Avropa Komissiyası tərəfindən yüksək qiymətləndirilib. Litva şirkətlərinin Azərbaycanda işləməyə marağı artır", - nazir vurğulayıb.

Hökumətlərarası komissiyanın iclasında maşınqayırma, elektrotexnika, informasiya texnologiyaları sahələrində ikitərəfli əməkdaşlıq, qeyri-neft sənayesinin müxtəlif sahələrinə investisiyaların qoyulması, Azərbaycan və Litva arasında enerji sektorunda əməkdaşlığın inkişafına dəstək göstərilməsinin əhəmiyyəti qeyd edilib. Klaypeda dövlət dəniz limanı vasitəsilə Azərbaycandan yükdaşımaları, habelə TRASECA dəhlizi marşrutlarının uzadılması imkanları müzakirə edilib.

İclasda, həmçinin nəqliyyat sahəsində münasibətlərin inkişafı və bu sahədə hökumətlərarası sazişlərin imzlanması məsələləri ön plana çıxarılıb.

Hazırda təkcə Azərbaycan və Litva arasında iqtisadi sahədə 10-dan artıq müxtəlif saziş imzalanıb. Tərəflər ticarət gəmiçiliyi, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, standartlaşdırma və metrologiya, elm, təhsil və İT sahələrində əməkdaşlıq üzrə sənədlər paketinin baxılma prosesinin tezləşdirilməsi haqqında razılıq əldə ediblər.

Hökumətlərarası iclasın yekunları üzrə tərəflər protokol imzalayıblar.

İclas zamanı komissiyanın rəsmi internet səhifəsi təqdim edilib.

Qeyd edək ki, hökumətlərarası komissiyanın ilk iclası 2010-cu ildə Vilnüsdə keçirilib.

Xəbər lenti

Xəbər lenti