Azərbayan, Bakı, 2 aprel /Trend, müxbir S.Əliyev/
"Boeing" korporasiyası Azərbaycanda yeni "787 Dreamliner" təyyarəsinin promo-turunu keçirib.
Trend-in məlumatına görə, bazar ertəsi "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib ki, bu, ən müasir təyyarədir. Təyyarə hazırda kompozit materiallardan istehsal olunur və yığılır, həmçinin iqtisadi baxımdan çox sərfəlidir.
Onun sözlərinə görə, Azərbaycan bu cür iki təyyarəni 2014-cü ildən etibarən alacaq. Hər bir təyyarənin qiyməti 90 milyon dollardır.
"Azərbaycan bu təyyarələri Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda alan ilk ölkə olacaq", - AZAL-ın vitse-prezidenti vurğulayıb.
"Boeing" korporasiyasının Yaxın Şərq, Rusiya və Mərkəzi Asiya ölkələrində satış üzrə vitse-prezidenti Martin Bentrott deyib ki, korporasiya Azərbaycanla əməkdaşlıqdan məmnundur və "Azərbaycan Hava Yolları" QSC-ni böyük tərəfdaş kimi qiymətləndirir.
"Boeing" korporasiyasının nümayəndələri yeni "787 Dreamliner" təyyarəsinin dünyada tanınması üçün "787 Dream Tour" çərçivəsində aprelin 2-3-də Bakıdadırlar.
Müasir texnologiya ilə təchiz edilən, gövdəsi kompozit materialdan hazırlanan "787 Dreamliner" təyyarəsi dünya turnesi çərçivəsində həmçinin Santyaqo (Çili), Şannon (İrlandiya), Moskva (Rusiya), İstanbul (Türkiyə) və Madriddə (İspaniya) nümayiş etdiriləcək.