...

Azərbaycanda iri taxılçılıq təsərrüfatlarının yaradılmasına dövlət dəstəyi gücləndirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2012 14:00 (UTC +04:00)
İri taxılçılıq və toxumçuluq təsərrüfatlarının yaradılması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu investisiya layihələrinin maliyyələşdirilməsinə başlayıb.
Azərbaycanda iri taxılçılıq təsərrüfatlarının yaradılmasına dövlət dəstəyi gücləndirilir

Azərbaycan, Bakı, 18 aprel /Trend/

İri taxılçılıq və toxumçuluq təsərrüfatlarının yaradılması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu investisiya layihələrinin maliyyələşdirilməsinə başlayıb.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bunlardan biri də Kürdəmir, Ağsu və Şamaxı rayonları ərazisində ümumi dəyəri 16.8 mln. manat, kredit tələbatı isə 10 mln. manat olan özəl taxılçılıq təsərrüfatının taxıl anbarı kompleksinin qurulması və əkinçiliyin inkişafı yönümlü investisiya layihəsidir. Bu layihənin maliyyələşdirilməsinə ilkin mərhələdə 2 mln. manat güzəştli kredit vəsaiti ayrılıb.

Layihə üzrə Kürdəmir, Ağsu və Şamaxı rayonları ərazisində 3 min ha sahədə əkin işlərinin aparılması, müasir dairəvi suvarma sisteminin qurulması nəzərdə tutulur. Layihə çərçivəsində, həmçinin, ABŞ və Türkiyə istehsalı olan 25 adda müasir kənd təsərrüfatı texnikasının (traktorlar, kombaynlar, pres maşınları, iritonnajlı yük maşınları, cərgə arası texnikalar, kotanlar, disklər və s.) alınması planlaşdırılır.

Artıq Şamaxının Hacıqədirli və Ağsunun Ləngəbiz kəndləri ərazisində ilkin mərhələdə 400 ha ərazidə ABŞ-ın "PIERS" və "Reinke Manufakturing Inc" şirkətlərinin istehsalı olan müasir dairəvi suvarma sistemləri quraşdırılıb. Hazırda daha 100 ha ərazidə müasir suvarma sistemlərinin quraşdırılması davam etdirilir. Eyni zamanda, sahələrdə qarğıdalı əkininə başlanıb.

Əkinçilik təsərrüfatı tərəfindən 3 min ha ərazinin əkin, biçin və bütün aqrotexniki işlərinin aparılması üçün Ağsunun Ləngəbiz kəndi ərazisində ABŞ-ın "Conler" şirkətinin və Türkiyənin qabaqcıl şirkətlərinin istehsalı olan 10 adda 35-ə yaxın müasir kənd təsərrüfatı texnikası və aqreqatdan ibarət park yaradılıb. Park traktor, kombayn, pnevmatik və sadə toxum səpmə aqreqatları, piper, kultivator, vərdənə, diskli mala, dərman çiləmə, gübrə səpən və digər ən müasir aqreqatlarla təchiz edilib. Əlavə texnikanın və köməkçi vasitələrin alınması davam etdirilir. Bundan başqa, məhsulun saxlanılması üçün 15 min tonluq taxıl anbarının, istehsal gücü saatda 36 ton olan məhsul qurutma sexinin, anbar, inzibati və köməkçi sahələrin tikintisi də həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti