...

Masallıda sahibkarlara güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2012 15:33 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini cümə günü Masallı rayonunun Boradigah qəsəbəsində keçirib.
Masallıda sahibkarlara güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 180-ə yaxın sahibkar iştirak edib.

Tədbirdən əvvəl Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına maliyyələşdirilmiş Lerik rayonunda "Lerik Broyler" MMC-nin müasir quşçuluq təsərrüfatında aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Tədbir çərçivəsində Masallının iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir quşçuluq kompleksinin, meyvə-tərəvəz emalı müəssisələrinin, istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanıb.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən güzəştli kreditlər hesabına Lənkəran iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, Fond tərəfindən 2012-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 640 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,6 milyon manat, o cümlədən respublikanın regionları üzrə 582 investisiya layihəsinin maliyyələşdirilməsinə 55 milyon manat və Bakıətrafı kənd və qəsəbələr üzrə 58 investisiya layihəsinin maliyyələşdirilməsinə 5,6 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 2600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Masallı və ətraf rayonlarda fəaliyyət göstərən 51 sahibkarlıq subyektinə 741 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti