...

Azərbaycan və Qırğızıstan ticari-iqtisadi əməkdaşlığı genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2012 18:36 (UTC +04:00)
Azərbaycan və Qırğızıstan ticari-iqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın birinci iclasının yekunları üzrə bir sıra razılaşmalar əldə ediblər.
Azərbaycan və Qırğızıstan ticari-iqtisadi əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan və Qırğızıstan ticari-iqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın birinci iclasının yekunları üzrə bir sıra razılaşmalar əldə ediblər. Bu barədə bazar ertəsi Trend CA-NEWS-a istinadən məlumat verir.

Hökumətlərarası komissiyanın iclası aprelin 28-29-da Bişkəkdə keçirilib.

Tərəflər əmtəə dövriyyəsi strukturlarının optimallaşdırılması və şaxələndirilməsi, investisiya əməkdaşlığının inkişafı, ölkənin təsərrüfat subyektləri və işgüzar dairələri arasında birbaşa əlaqələrin inkişafına dəstək göstərilməsi ilə bağlı qarşılıqlı tədbirlər həyata keçirmək haqqında razılıq əldə ediblər.

Həmçinin, tərəflər istehsalat kooperasiyalarının genişləndirilməsi və dərinləşdirilməsi, emal sənayesində müştərək müəssisələrin yaradılması, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) iştirakı ilə Qırğızıstanda neft emalı zavodunun tikintisi haqqında danışıqların davam etdirilməsinə dəstək verməyə hazırdırlar.

Tərəflər, habelə Qırğızıstana karbohidrogen, neft mədəni avadanlıqları, neft və qaz hasilatı məqsədilə qazma qurğuları üçün komplekt və ehtiyat hissələrin tədarükü, eləcə də neft-qaz sənayesinin dövlət tənzimlənməsi üzrə təcrübə mübadiləsi sahəsində imkanları nəzərdən keçirmək barədə razılığa gəliblər.

Qırğızıstan və Azərbaycan Qırğızıstanda iri və kiçik SES-lərin tikintisi imkanlarını da müzakirə ediblər.

Komissiya Qırğızıstan və Azərbaycanın vətəndaşları, işgüzar dairələri arasında daha səmərəli və daimi ələqələrin təmin edilməsi məqsədilə nəqliyyat infrastrukturunun inkişafı, turizm mübadiləsinin genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Komissiya bununla bağlı Qırğızıstan və Azərbaycan arasında birbaşa hava əlaqəsinin açılması imkanlarını nəzərdən keçirmək haqqında qərar qəbul edib.

Humanitar sahə iki ölkə arasında əməkdaşlığın inkişafında vacib istiqamətdir. Bununla əlaqədar olaraq, elm, mədəniyyət, gənclər siyasəti və idman sahələrində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı protokol qərar qəbul edilib.

Qırğızıstan Azərbaycan tərəfinin Bişkəkdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adına parkın açılması təşəbbüsünü alqışlayıb və kömək etməyə hazır olduğunu bildirib.

Tərəflər iqtisadi və humanitar əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın ikinci iclasının 2013-cü ildə keçirilməsi haqqında razılığa gəliblər. İclasın keçirilmə yeri və tarixi diplomatik kanallarla razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti