Azərbaycan, Bakı, 3 may /Trend, müxbir Ə.Həsənov/
Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşəbbüsü ilə sığorta şirkətləri, Maliyyə Nazirliyi və Sığortaçılar Assosiasiyasının nümayəndələrindən ibarət ekspertlər qrupunun təşkil olunması haqqında qərar qəbul edilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ARPA-nın yaydığı məlumatda deyilir.
Cümə axşamı keçirilən ekspertlər qrupunun ilk görüşündə Azərbaycan Maliyyə Nazirliyi və "Əmrah Sığorta", "Başak İnam", "Qala Sığorta", "Atəşgah Sığorta", "Az Sığorta", "Ata Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Bakı Sığorta", "Standart Insurance", "Rəvan Sığorta" və "Beynəlxalq Sığorta" şirkətlərinin nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycan sığorta bazarında böyük rol oynayan aktuari və anderraytinq kimi vacib məsələlər müzakirə olunub. İştirakçılar tərəfindən bu sahədə olan boşluqlar qeyd olunub və bu tip iclaslara ehtiyac olduğu bildirilib.
Qeyd edək ki, ekspertlərin iclası hər rüb keçiriləcək.