Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.Mehdiyev/
Məqsədyönlü milli siyasət nəticəsində, TRACECA və Şimal-Cənub Dəhlizi lahiyələrində mühüm rol oynamaqla Azərbaycan neft və qaz ixracatı üçün tranzit ölkəyə çevrilib. Trend-in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev beynəlxalq "The business year" jurnalına verdiyi müsahibəsində bildirib.
"Azərbaycanda adambaşına düşən ümumdaxili məhsul sürətlə artır və 2011-ci ildə bu rəqəm 5,500 manat ötüb", - Mustafayev deyib.
Nazir bildirib ki, uğurlu bir sosial-iqtisadi model yaratmaqla Azərbaycan yüksək səviyyədə stabilliyə və dayanıqlı inkişafa nail olub.
"Həmçinin, ölkə qeyri-neft sektorunda stabilliyi qoruyub saxlamaq və iqtisadiyyatın müxtəlif seqmentləri üçün böyük potensiala malik olan regionlarda iqtisadi artımı təmin etmək istiqamətində işlər görür. Bu regionlarda, həmçinin kiçik və orta sahibkarlıq, infrastruktur, insan kapitalı inkişaf edib və yoxsulluğun səviyyəsi xeyli dərəcədə azalıb. Təsadüfi deyil ki, Azərbaycan qlobal iqtisadi böhran zamanı möhkəmlik nümayiş etdirdi. 2004-2011-ci illər ərzində Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) sürətlə artımını iqtisadiyyatı müxtəlifləşdirmək istiqamətində görülən işlərin nəticəsi kimi qiymətləndirmək olar", - Mustafayev əlavə edib.
Onun sözlərinə görə, milli sosial-iqtisadi inkişaf modelinin ən mühüm xüsusiyyətlərindən biri dövlət proqramları vasitəsilə özəl sektorun inkişaf edirilməsi, həmçinin sahibkarlıq fəaliyyəti üçün infrastrukturun yaradılmasıdır.
"Özəl sektorun dinamik inkişafı nəticəsində hazırda ÜDM-in 80 faizdən çoxu özəl sektorun payına düşür. Azərbaycan xarici ticarət dövriyyəsində artıma nail olub və beynəlxalq iqtisadi əlaqələrini xeyli genişləndirib. Hazırda Azərbaycanın 150-dən artıq ölkə ilə ticarət dövriyyəsi var", - Mustafayev qeyd edib.
Nazir vurğulayıb ki, müstəqillik dövründə Azərbaycan iqtisadiyyatına 120 milyard dollardan artıq investisiya yatırılıb və bunun yarısı xarici investorların payına düşür.
"Xarici investorlar ölkə iqtisadiyyatının müxtəlif sahələrində, xüsusən də qeyri-neft sektorunda aktiv fəaliyyət göstərib. Azərbaycanda xarici investorlar üçün çox əlverişli biznes mühiti mövcuddur. Ölkəyə daha çox investisiyaların cəlb olunması üçün hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində daim iş aparılır. Bundan əlavə, qarşılıqlı investisiyaların təşviqi və qorunması üçün bir çox ölkələrlə sazişlər imzalanıb", - Mustafayev bildirib.