Azərbaycan, Bakı, 16 may /Trend/
"DəmirBank"ın Bərdə filialı bankın filial şəbəkəsinin optimallaşdırılması siyasətinə uyğun olaraq yeni ünvana köçürülüb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatında deyilir.
Bərdə şəhəri, Bakı küçəsində (Olimpiya Kompleksinin yaxınlığında) yerləşən filial fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, təcili pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.
"DəmirBank" filial şəbəkəsinin inkişafı üçün bir çox işlər həyata keçirir. Son 2 ilə yaxın müddətdə "DəmirBank" 8 filialını yeni ofislərə köçürüb və daha 2 filial bu yaxınlarda köçürüləcək. Bankın yeni filiallarında yeni interyer tərtibat standartları tətbiq edilib", - İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.
Hazırda "DəmirBank"ın 31 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.
Ölkənin ilk banklarından olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.