Azərbaycan, Bakı, 18 may /Trend, müxbir A.Axundov/
Cümə günü Azərbaycan Milli Məclisinin İqtisadi siyasət komitəsi 2011-ci il üçün dövlət büdcəsinin yerinə yetirilməsi haqqında qanun layihəsini parlamentin müzakirəsinə çıxarmağa tövsiyə edib.
Trend-in məlumatına görə, komitənin iclasında qanun layihəsini təqdim edən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, 2011-ci ildə dövlət büdcəsinin gəlir hissəsi 100,9 faiz yerinə yetirilib.
"Ötən il büdcənin gəlir hissəsi 15554,2 milyon manatlıq proqnozla müqayisədə 15700,7 milyon manat təşkil edib ki, bu da 2010-cu ilin göstəricisini 4297,7 milyon manat və ya 37,7 faiz üstələyir", - Bayramov deyib.
Onun sözlərinə görə, ÜDM-də büdcə gəlirlərinin xüsusi çəkisi 31,4 faiz təşkil edib. Dövlət büdcəsi gəlirlərinin 34,9 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmalar hesabına, 7,3 faizi Dövlət Gömrük Komitəsi, 57,3 faizi Dövlət Neft Fondu, 0,5 faizi isə digər mənbələr hesabına təmin edilib.
Nazir müavininin sözlərinə görə, 2011-ci ildə xərclər 96,6 faiz icra edilib və 15941,2 milyon manatlıq proqnoza nisbətən 15397,5 milyon manat təşkil edib. Bu, 2010-cu ilin göstəricisini 30,9 faiz və ya 3631,6 milyon manat üstələyir.
"ÜDM-də büdcə xərclərinin xüsusi çəkisi 30,8 faiz təşkil edib ki, bu da ötən ilin göstəricisini 3,1 faiz üstələyir. Xərclər strukturunda 46,2 faiz və ya 7115,4 milyon manat cari xərclərə, 51,6 faiz və ya 7938,3 milyon manat əsas xərclərə, 2,2 faiz və ya 343,8 milyon manat dövlətin xarici borcu və digər öhdəliklərinin yerinə yetirilməsinə ayrılıb", - Bayramov qeyd edib.
Onun sözlərinə görə, ötən il dövlət büdcəsi 303,2 milyon manat profisitlə icra edilib.
"2012-ci il yanvarın 1-nə olan məlumata görə, dövlət büdcəsinin vahid xəzinədarlıq hesabında qalıq 382,9 milyon manat təşkil edib", - Bayramov vurğulayıb.