Azərbaycan, Bakı, 18 may /Trend, müxbir A.Axundov/
Azərbaycanda su nəqliyyatında ticarət gəmiçiliyi sahəsində yük və sərnişin daşınması üzrə fəaliyyət göstərmək üçün xüsusi icazənin (lisenziya) alınması tələb olunacaq.
Əlavələr Azərbaycanın Ticarət Gəmiçiliyi Məcəlləsinə daxil ediləcək. Cümə günü parlamentin İqtisadi siyasət komitəsi bu məcəlləyə dəyişikliklərə dair qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılmasını tövsiyə edib.
Bununla yanaşı, düzəlişə görə, gəmi sahibləri sığorta, yaxud suların bunker yanacağı ilə çirklənməsi nəticəsində dəymiş ziyana görə vətəndaş məsuliyyətinin başqa maliyyə təminatı haqqında sertifikat təqdim etməlidir.
Habelə düzəliş xarici ölkələrin bayraqları altında üzən və Azərbaycanın dəniz limanlarının ərazisinə daxil olan gəmilərin orta illik sayının ən azı dörddə birində (bu rəqəm son üç ilin göstəriciləri əsasında hesablanmalıdır) yoxlamaların aparılmasını nəzərədə tutur.