...

"Azərlotereya" ASC-nin rəhbəri: Azərbaycanda lotereya oyunları Avropa standartlarına uyğun keçirilir (MÜSAHİBƏ)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2012 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir A.Axundov/

"Azərlotereya" ASC 2001-ci ildə ölkədə lotereya fəaliyyətinin təşkili, bu sahədə vətəndaşların hüquq və mənafelərinin qorunması, eləcə də lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini gücləndirmək məqsədilə yaradılıb. Səhmdar Cəmiyyətin təsisçisi Azərbaycan İqtisadi İnkişaf Nazirliyidir.

Trend-in "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Maqsud Tağıyevlə müsahibəsində qurumun fəaliyyəti, ölkəmizdə buraxılan lotereyalar, onların satılması, həmçinin Səhmdar Cəmiyyətin 2012-ci ildə həyata keçirəcəyi layihələrdən bəhs olunur.

- Maqsud müəllim, əvvəlcə "Azərlotereya" ASC-nin 2011-ci və bu ilin 3 ayındakı fəaliyyəti barədə məlumat verməyinizi xahiş edirik.

- Ötən il "Azərlotereya" ASC tərəfindən ənənəvi lotereya oyunları ilə yanaşı, yeni lotereya oyunları da keçirilib, Səhmdar Cəmiyyətin rəsmi loqotipi dəyişdirilib, qurumun www.azerlotereya.com internet səhifəsi yenilənib.

2011-ci ildə keçirilmiş tirajlar üzrə lotereya biletlərinin satışından 19,1 milyon manat vəsait əldə edilib. Qanunvericiliyə uyğun olaraq, satışdan əldə olunan vəsaitin 64%-i uduş fonduna ayrılıb. Ötən il keçirilmiş lotereyalarda uduşlu biletlərin sayı 3 283 000 ədəd təşkil edib.

2011-ci ildə Səhmdar Cəmiyyət tərəfindən dövlət büdcəsinə 1,2 milyon manat dividend, vergilər üzrə isə 795 min manat vəsait ödənilib.

Bu dövrdə bütün lotereya oyunları üzrə ümumilikdə 91 ədəd müxtəlif avtomobil (ümumi məbləği təqribən 1,3 milyon manat) və 1,5 milyon manatdan çox iri pul məbləğləri udulub.

Şəffaflığı təmin etmək məqsədilə "Azərlotereya" ASC tərəfindən keçirilən bütün tirajlar, lotereyalar üzrə iri uduşların qalibləri televiziya vasitəsilə canlı efirdə tamaşaçılara təqdim olunub, qaliblər haqqında digər kütləvi informasiya vasitələri ilə də ətraflı məlumat verilib.

"M&J Accuracy Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "Azərlotereya" Açıq Səhmdar Cəmiyyətinin 2011-ci ilin maliyyə-təsərrüfat fəaliyyəti üzrə auditi keçirilib. Audit nəticəsində Səhmdar Cəmiyyətdə mühasibat uçotunun qanunvericiliyə uyğun aparıldığı, mühasibat uçotunun və illik balansın qanuni göstərişlərə, eləcə də nizamnaməyə uyğun olduğu müəyyən edilib.

2012-ci ilin ilk üç ayında keçirilmiş tirajlar üzrə 4646,4 min lotereya bileti satılıb, lotereya biletlərinin satışından təqribən 4,9 milyon manat vəsait əldə edilib. Bu dövrdə 51 ədəd müxtəlif markalı avtomobil və 210,8 min manat məbləğində iri pul uduşları udulub.

Bildiyiniz kimi, "Azərlotereya" ASC Avropanın Dövlət Lotereyalar və Toto Assosiasiyasının üzvüdür. Bu il ilk dəfə olaraq Bakıda Assosiasiyanın dəstəyi, "Azərlotereya" ASC-nin təşkilatçılığı ilə "Lotereya fəaliyyətinin hüquqi tənzimlənməsi" mövzusunda tədbir keçirilib. Dünyanın 10 ölkəsində lotereya fəaliyyəti ilə məşğul olan təşkilatların rəhbərlərinin iştirak etdiyi tədbirdə Dövlət Lotereyalar və Toto Assosiasiyasının üzvləri arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi kimi məsələlər müzakirə edilib. Qeyd etmək istəyirəm ki, belə tədbirlər "Azərlotereya" ASC-nin beynəlxalq əlaqələrinin genişləndirilməsində, lotereya fəaliyyəti sahəsində xarici təcrübənin öyrənilməsində əhəmiyyətlidir.

- "Azərlotereya" ASC tərəfindən 2011-ci ildə hansı yeni lahiyələr həyata keçirilib?

- 2011-ci ildə "Azərlotereya" ASC tərəfindən ənənəvi oyunlarla yanaşı, yeni "Binqo+8" lotereya oyunu da təşkil edilib. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən bu tiraj lotereya həvəskarları tərəfindən böyük maraqla qarşılanıb. "Binqo+8" lotereyası 2012-ci ildə də uğurla həyata keçirilib.

Qeyd olunan dövr ərzində "Azərlotereya" ASC-nin keçirdiyi həftəlik "Binqo", "Ailə sevinci", "Uğur" və "5/36" tirajlı lotereyalarının şərtlərində dəyişikliklər və əlavələr edilib ki, nəticədə bu lotereya oyunlarına əhali tərəfindən maraq xeyli artıb. "5/36" tirajlı lotereyası üzrə 2011-ci ildə satış həcmində 26,4% artım müşaidə olunub.

- Lotereya oyunlarının keçirilməsində yeni texnologiyalardan istifadə olunurmu?

- "Azərlotereya" ASC tərəfindən müasir lotereya texnologiyalarının, lotereya biletlərinin verilməsi üzrə avtomatlaşdırılmış maşınların, etibarlılığın və dizaynın yüksək tələblərinə cavab verən müasir lototronların tətbiqinə daima xüsusi önəm verilir.

Lotoreya oyunlarının televiziya vasitəsilə keçirilən tirajlarını müasir texnologiyalardan istifadə etməklə yüksək səviyyədə və şəffaf təşkil etmək üçün ABŞ-ın "Smartplay" şirkətindən "Custom Criterion II" və Fransanın "Editek" şirkətindən müasir "Topaz" lototronları alınıb. Eyni zamanda, texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sisteminə keçilməsi üçün xüsusi proqram təminatı hazırlanıb və hazırda tətbiq olunur.

Lotereya oyunlarının keçirilməsində yeni texnologiyaların tətbiqi istiqamətində "Azərlotereya" ASC tərəfindən görülən işlər bundan sonra da davam etdiriləcək.

- Maqsud müəllim, bir qədər də "Azərlotereya" ASC-nin 2012-ci ildə görəcəyi işlər barədə məlumat verməyinizi istərdik.

- 2012-ci ilin ilk aylarından etibarən, bütün növ lotereya biletlərinin lotereya terminalları vasitəsilə satışının həyata keçirilməsi təmin edilib.

Bu il "Azərlotereya" ASC bir sıra yeni layihələr həyata keçirməyi planlaşdırır. Belə ki, iyun ayından etibarən satışa iki yeni ani (pozma) lotereya biletləri buraxılacaq. Eyni zamanda, lotereya həvəskarlarının terminallar vasitəsilə istədiyi rəqəmlərdən müxtəlif kombinasiyalar quraraq oyunda öz variantı ilə iştirak etməsinə imkan verən lotereya oyunlarına artan marağı nəzərə alaraq, yeni - "6/40" elektron lotereyasının layihəsi hazırlanır. Bu ilin sonuna qədər lotereyaların terminal və ya mətbəə tərəfindən çap olunmuş biletlərinin satışından əlavə, internet vasitəsilə də satışının təşkil olunması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti