Azərbaycan, Bakı, 24 may /Trend/
İki ay ərzində davam edən müsabiqənin qalibləri mayın 16-da "Monolit Plaza"da keçirilən final mərasimində elan olunub. 48 iştirakçıdan yalnız 8 iştirakçının gəlib çata bildiyi finalın açılışını "KreAktiv" müsabiqəsini təşkil edən "KSM Azərbaycan"ın rəhbəri Rəşad Camal edib.
Trend-in məlumatına görə, sponsorlardan DəmirBank-ın marketinq direktoru Anar Hüseynov, "İdeal" parfüm və kosmetika mağazaları şəbəkəsinin marketinq direktoru Rafiq Vəliyev və "KreAktiv" tədbirinin informasiya dəstəkçisi olan Facemark-ın nümayəndəsi yarışla bağlı öz fikirlərini bildiriblər.
Beləliklə, münsiflər heyətinin və onlayn səsvermənin nəticələrinə uyğun olaraq, I yerə Musa Əfəndi, II yerə Rüfət Kərimzadə və III yerə Fərid Musabəyov layiq görülüb.
Xatırladaq ki, Korporativ Sosial Məsuliyyət (KSM) Azərbaycan və "Creative Society"nin təşkil etdiyi müsabiqəyə martın 29-da start verilib. Məqsədi bacarıqlı, gənc, qeyri-peşəkar və kreativ gəncləri üzə çıxartmaq olan müsabiqə DəmirBank, "Ideal Perfumery&Cosmetics"in sponsorluğu, Facemark-ın informasiya və KOKON agentliyinin dizayn dəstəyi ilə ərsəyə gəlib.
3 mərhələdən ibarət olan müsabiqənin münsiflər heyətində yerli peşəkarlarla yanaşı, dünya peşəkarları da yer alıb.
• Creative Society - Stefan Bock (Avstriya)
• BBDO - Hugo Corredor (Kolumbiya)
• Young and Rubicam - Martin Nino Goldberg (Argentina)
• KSM Azərbaycan - Rəşad Camal (Azərbaycan)
• Peşəkar fotoqraf - Orxan Aslanov (Azərbaycan)
• Videoçarxlar üzrə mütəxəssis - Sarvan Qədirov (Azərbaycan)
• Dizayner - Samir Hüseynov (Azərbaycan)