Azərbaycan, Bakı, 31 may /Trend, müxbirlər A.Axundov, Ə.Həsənov/
Azərbaycan hökuməti ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasına dair çoxtərəfli danışıqların növbəti - X raundunun iyulda keçiriləcəyini istisna etmir.
Bu barədə Trend-ə cümə axşamı xarici işlər nazirinin müavini, danışıqlar qrupunun rəhbəri Mahmud Məmmədquliyev bildirib.
"Danışıqların növbəti raundu iyulun ikinci yarısında, ola bilsin ki, bir az gec və ya tez baş tutsun. Hazırlaşmaq, tərəfdaşların təkliflərini təhlil etmək, öz təkliflərini hazırlamaq lazımdır. Hələlik danışıqların növbəti raunduna hazırlıq aparılır", - Məmmədquliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan, əsasən, Avropa İttifaqı və ABŞ-dan suallar alıb.
"Biz sualları həmişəki kimi ABŞ və Avropa İttifaqından almışıq, həmçinin digər ölkələrdən də suallar var. Bunlar çox çoxtərəfli suallardır. Onların hamısı Azərbaycanın xarici ticarət rejiminə aiddir. Müzakirələr zamanı onlar dəqiqləşdirilir, genişləndirilir, dərinləşdirilir. Bu, olduqca mürəkkəb prosesdir", - Məmmədquliyev bildirib.