...

Azərbaycanda vergi yükü çox yüksək deyil - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2012 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın Maliyyə və Vergilər nazirlikləri bu gün Vergi Məcəlləsində dəyişikliklər ediləcək bütün bəndlərin son variantını razılaşdırmağı planlaşdırırlar. Bu barədə Trend-ə şənbə günü hökumətdən bildiriblər.

Azərbaycanda vergi qanunvericiliyi daim təkmilləşdirilir və 2008-ci ildən etibarən Vergi Məcəlləsinə dəyişikliklər dövlət büdcəsindən ayrıca qəbul edilir ki, bu da büdcə proqnozlarının baxılması və təsdiqi prosesini asanlaşdırır, habelə vergi ödəyicilərinə gözlənilən dəyişikliklərlə qabaqcadan tanış olmağa imkan verir.

Vergi qanunverciliyinə dəyişikliklər layihəsi mayın 15-dək Milli Məclisə təqdim edilməli idi. Lakin bir sıra təklif edilən dəyişikliklər üzrə fikir ayrılıqlarının olması ilə əlaqədar ekspertlər səviyyəsində müzakirələr hələ də davam edir.

"Maliyyə Nazirliyi vergi qanunvericiliyində dəyişikliklərə çox ehtiyatla yanaşır. Bununla yanaşı, hesab edirik ki, düzəlişlərə ehtiyacı olan müəyyən istiqamətlər var", - bunu şənbə günü Trend-ə maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu gün Maliyyə Nazirliyinin müəyyən təklifləri var, lakin bəzi mövqelər sonadək Vergilər Nazirliyi ilə razılaşdırılmayıb.

"Hərçənd bir çox mövqelər razılaşdırılıb, onların bəziləri ilə bağlı fikir ayrılıqları var. Ancaq ümid edirik ki, ortaq məxrəcə gələcəyik", - nazir vurğulayıb.

Hökumətdəki mənbənin sözlərinə görə, Vergi Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi çərçivəsində gəlir vergisinin maksimum dərəcəsinin 30 faizdən 25 faizədək azaldılması, vergi tutulan aylıq gəlirin maksimum həddinin 2008-ci ildən qüvvədə olan 2000 manatdan 2500 manatadək artırılması təklif edilir.

Bununla yanaşı, 14 faiz dərəcəsi ilə vergi tutulacaq illik gəlirin həddinin indiki 24 min manatdan 30 min manatadək artırılması təklif olunur. Gəlir vergisi üzrə güzəştlər hissəsində də müəyyən düzəlişlərin edilməsi irəli sürülür.

"Biz gəlir vergisi dərəcələrinin azaldılması ilə bağlı problemlər görmürük, digər vergilərə gəlincə, onların tamamilə normal səviyyədə olduğunu hesab edirik. Azərbaycanda vergi yükü elə də yüksək deyil", - Şərifov bildirib.

Dəyişikliklər layihəsi çərçivəsində, həmçinin ƏDV üzrə depozit hesabının tətbiqinin genişləndirilməsi təklif edilir.

Xəbər lenti

Xəbər lenti