...

Azərbaycan və Cəbəllütariq arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2012 15:27 (UTC +04:00)
Bakıda keçirilən 23-cü "Crans Montana" forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cəbəllütariqin müəssisələr, təlimlər və məşğulluq naziri Coy Bossano cümə günü Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov ilə görüş keçirib.
Azərbaycan və Cəbəllütariq arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Bakıda keçirilən 23-cü "Crans Montana" forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cəbəllütariqin müəssisələr, təlimlər və məşğulluq naziri Coy Bossano cümə günü Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov ilə görüş keçirib. Görüşün əsas məqsədi Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, qazanılan nailiyyətlər barədə məlumatlar əldə etmək və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Ələkbərov Azərbaycanın sürətli inkişaf dinamikasına malik olduğunu, keçid iqtisadiyyatı dövrünü başa vuraraq keyfiyyətcə yeni tərəqqi mərhələsində inamla irəlilədiyini vurğulayıb və ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan tarixi nailiyyətlər barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, iqtisadi inkişaf dinamikasına görə dünyada lider mövqeyi ilə seçilən, Cənubi Qafqaz iqtisadiyyatında 80 faizlik paya malik olan ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da daim inkişaf edir. Ölkədə iqtisadi tərəqqidən irəli gələn imkanlar ilk növbədə insan kapitalının inkişafına, sosial rifahın yüksəldilməsinə yönəldilir. Yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq, son 8 il ərzində bir milyondan çox yeni iş yeri yaradılıb, işsizlik səviyyəsi 5,6 faizə enib, yoxsulluq səviyyəsi 49 faizdən 7,6 faizə qədər azalıb.

Coy Bossano rəhbərlik etdiyi nazirliyin məşğulluq və əmək, sosial müdafiə, pensiyalar və sosial yardım, birbaşa investisiyalar, müəssisələr və təlimlər sahələri üzrə fəaliyyət göstərdiyini söyləyib. Qonaq, eyni zamanda, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri ilə tanış olub. O, Azərbaycanda neft və qeyri-neft sektoru, həmçinin əmək, sosial müdafiə və məşğulluq sahələrində son illərdə görülən işləri, əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.

Görüş zamanı hər iki ölkənin nazirliklərinin fəaliyyət sahələrinə aid olan məsələlər və ikitərəfli əməkdaşlıqla bağlı gələcək perspektivlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti