...

“Hökumət Ödəniş Portalı” vasitəsilə ödənişlərin qəbuluna başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2012 13:32 (UTC +04:00)
“Hökumət Ödəniş Portalı” vasitəsilə ödənişlərin qəbuluna başlanılıb
“Hökumət Ödəniş Portalı” vasitəsilə ödənişlərin qəbuluna başlanılıb

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Ölkə başçısı tərəfindən imzalanan bir sıra fərmanlarda vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin yalnız bank vasitəsilə toplanılmasının və eyni zamanda dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi barədə müvafiq tapşırıqlar verilmişdir.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə əlaqədar dövlət qurumları ilə birlikdə Azərbaycan Respublikası Mərkəzi Bankında "Hökumət Ödəniş Portalı"nın yaradılması istiqamətində işlər müvəffəqiyyətlə davam etdirilir.

Məlumat verildiyi kimi, keçən dövr ərzində Vergilər və Maliyyə nazirliklərinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin daxili informasiya sistemləri "Hökumət Ödəniş Portalı"nın infrastrukturuna inteqrasiya olunmuşdur.

Layihə üzrə işlərin icrasının davamı olaraq Dövlət Sosial Müdafiə Fondunun daxili informasiya sisteminin "Hökumət Ödəniş Portalı"na inteqrasiya olunması uğurla başa çatdırılmışdır.

Bununla da sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlərin ödənişlərinin "Hökumət Ödəniş Portalı"nın infrastruktur imkanlarından istifadə edilməklə qəbul edilməsinə başlanılmışdır.

Hal-hazırda mərkəzləşdirilmiş xəzinə hesabı ilə iş rejiminə keçmiş Bakı, Sumqayıt, Abşeron, Gəncə, Ağcəbədi, Beyləqan, Biləsuvar, Bərdə, Cəlilabad, Göyçay, İsmayıllı, Kürdəmir, Lənkəran, Qəbələ, Şamaxı, Şirvan, Xaçmaz və Yevlax regionları üzrə 125 minə yaxın sığortaedən haqqında məlumat sistemin mərkəzi informasiya bazasına yüklənmişdir. Digər regionlar üzrə ödənişlərin qəbul edilməsi həmin regionlarda Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən mərkəzləşdirilmiş xəzinə hesabının tətbiq edilməsi ilə paralel olaraq davam etdiriləcəkdir.

Yaradılmış imkan nəticəsində yuxarıda qeyd olunan regionlarda qeydiyyatdan keçmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər ödənişlərini 41 bankın və "Azərpoçt" MMC-nin 1200-ə yaxın ödəniş məntəqəsində, eyni zamanda Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin internet səhifəsində (www.apus.az) ödəniş kartları vasitəsilə apara bilərlər.

Növbəti mərhələlərdə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və digər hökumət qurumlarının da daxili informasiya sistemləri "Hökumət Ödəniş Portalı"na inteqrasiya olunacaqdır.

Xəbər lenti

Xəbər lenti