...

Azərbaycan xarici investorları həyat sığortası sektoruna dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2012 13:25 (UTC +04:00)
Xarici investorları həyat sığortası sektoruna cəlb etmək üçün Azərbaycanda bu sahəni tənzimləyən qanunvercilikdə düzəlişlər etmək lazımdır.
Azərbaycan xarici investorları həyat sığortası sektoruna dəvət edir

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir A.Axundov/

Xarici investorları həyat sığortası sektoruna cəlb etmək üçün Azərbaycanda bu sahəni tənzimləyən qanunvercilikdə düzəlişlər etmək lazımdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Atəşgah Sığorta" şirkətinin (ölkədə həyat sığortası ilə məşğul olan üç şirkətdən biri) İdarə Heyətinin sədri Əkbər Mədətli Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF) 2012-də çıxışında bildirib.

"Qabaqcıl innovasiya texnologiyalarına malik xarici şirkətlərin ölkəyə gəlişi Azərbaycanda həyat sığortasının daha böyük inkişafına yardım edir", - Mədətli deyib.

Onun sözlərinə görə, Azərbaycanda həyat sığortasının artımı pensiya sığortasının inkişafı üzrə tədbirləri də stimullaşdıra bilər. Bundan başqa, qanunvericilikdə bir sıra bəndlərin ləğv edilməsi bu sahəni inkişaf etdirə bilər.

"Məsələn, ipoteka krediti borclusunun həyat sığortası üzrə müqaviləsi üç il müddətinə bağlanır, halbuki müqavilələrin özü 15-25 il müddətinə imzalanır. Bu müddətin artırılması məqsədəuyğun olardı. Həmçinin qanunverciliyə əsasən, şəxsin əməkhaqqının həyat sığortasına ayrılan hissəsi mənfəət vergisindən azad edilir, lakin bu güzəştlər icbari dövlət sosial sığortası üzrə ödənişlərə şamil edilmir. Bu ödənişlərdən azad edilmə əhalinin həyat sığortasına marağını artıracaq", - Mədətli qeyd edib.

Onun sözlərinə görə, həyat sığortasının artımını bir sıra maneələr ləngidir. Bunlar əhalinin ümumilikdə sığortaya etibarının kifayət qədər olmaması, investisiya alətlərinin çatışmazlığı, qanunvericilikdə yuxarıda sadalanan amillər və digər faktorlardır.

Azərbaycanda həyat sığortası ilə üç şirkət - "Paşa Həyat", "Atəşgah Həyat" və "Qala Həyat" məşğul olur.

Xəbər lenti

Xəbər lenti