...

Paytaxtın Bakıxanov qəsəbəsinə çəkilmiş su xətti istismara verilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2012 16:45 (UTC +04:00)
“+ 110 Şərq” su anbarından Bakıxanov qəsəbəsinə 3 kilometr uzunluğunda müxtəlif diametrli borularla çəkilmiş magistral su xətti istismara verilmişdir.
Paytaxtın Bakıxanov qəsəbəsinə çəkilmiş su xətti istismara verilib (FOTO)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə "Azərsu" ASC tərəfindən "+ 110 Şərq" su anbarından Bakıxanov qəsəbəsinə 3 kilometr uzunluğunda müxtəlif diametrli borularla çəkilmiş magistral su xətti istismara verilmişdir.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, anbardan qəsəbəyə içməli suyun verilməsi özüaxımlı rejimdə 24 saat həyata keçirilir.

Yeni magistral xəttin istismara verilməsi ilə Bakıxanov qəsəbəsinin böyük bir hissəsinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır. İndiyə qədər qəsəbəyə içməli su qrafiklə - sutkada 4 saat verilirdisə, yeni xəttin çəkilməsi ilə Bakıxanov qəsəbəsinin 60 mindən çox sakini fasiləsiz su ilə təmin olunur.

Yeni xəttin istismara verilməsi Sabunçu və Suraxanı rayonlarının şərq hissələrinin su təchizatına da müsbət təsir göstərib. Belə ki, Bakıxanov qəsəbəsi əvvəllər "Maştağa" anbarından su alırdı. İndi isə qəsəbənin "+ 110 Şərq" anbarından qidalanması "Maştağa" anbarında əlavə su həcminin yaranması ilə nəticələnib ki, həmin həcm Sabunçu, Bül-Bülə və Əmircan qəsəbələrinin təminatına yönəldilir.

Hazırda "+ 110 Şərq" anbarından Bakıxanov qəsəbəsinə çəkilmiş yeni xəttin imkanlarından istifadə etməklə Qaraçuxur qəsəbəsinin də içməli su ilə fasiləsiz təminatı layihəsi üzərində iş aparılır.

Qeyd edək ki, "Azərsu" ASC-nin 2011-ci ildə və 2012-ci ilin birinci yarısında içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərinin nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrdə bir milyondan artıq insanın su ilə təminatı yaxşılaşıb. 2012-ci ildə görülmüş tədbirlər nəticəsində Suraxanı rayonunun Hövsan qəsəbəsi, Sabunçu rayonunun Bakıxanov və Nardaran qəsəbələri, Ramana südçülük sovxozu, Binəqədi qəsəbəsinin 6 və 9-cu mikrorayonları, 7-ci mikrorayon və Biləcəri qəsəbəsinin bir hissəsi, Nəsimi rayonunun 2, 3, 5-ci mikrorayonları və Xutor yaşayış massivi, Yasamal rayonunun böyük bir hissəsinə 24 saat su vermək mümkün olub.

Xəbər lenti

Xəbər lenti