Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir E.İsmayılov/
Yenidənqurma işlərindən sonra sentyabr ayı ərzində "28 May" stansiyasının əsas çıxışı istismara veriləcək. Bu barədə bazar ertəsi Trend-ə Bakı Metropolitenindən bildiriblər.
Məlumata əsasən, əsas girişin yenidən qurulması və eskalatorun dəyişdirilməsi ilə bağlı işlər plana uyğun aparılır.
"Stansiyanın çıxışının yenidən qurulması prosesinin başa çatdırılması sentyabra nəzərdə tutulub. Daha dəqiq tarix barədə danışmaq hələ tezdir", - Metropolitendən qeyd ediblər.
Bakı Metropolitenindən bir müddət əvvəl verilən məlumata görə, stansiyada işlərin görülməsi üçün bu il dövlət büdcəsində 13 milyon manata yaxın vəsait nəzərdə tutulub.
Stansiyada eskalatorların yeniləri ilə əvəz edilməsi ilə yanaşı, onların sayı 3-dən 4-ə qədər artırılacaq.
Stansiyanın əsas çıxışı istismara verilənə kimi sərnişinlər ikinci çıxışdan, eləcə də "28 May" çıxışı ilə yanaşı, "Cəfər Cabbarlı" stansiyasının çıxışından da istifadə edəcəklər.