Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir E.İsmayılov/
Azərbaycanda su nəqliyyatı ilə yük və sərnişinlərin daşınması üzrə fəaliyyəti həyata keçirmək üçün ticarət gəmiçiliyi sahəsində xüsusi icazənin (lisenziya) alınması tələb olunacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən "Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunda deyilir.
Dəyişikliklər bayraq və liman nəzarətinin həyata keçirilməsini nəzərdə tutur. Bayraq nəzarəti Azərbaycanın müvafiq gəmi reyestrində qeydiyyata alınmış və Azərbaycanın dövlət bayrağı altında üzən gəmilərin yoxlanılması və sertifikatlaşdırılmasını nəzərdə tutur.
Öz növbəsində, liman nəzarəti Azərbaycanın limanlarına daxil olan və ya limanlarından çıxan xarici gəmilərin, onların avadanlığının və idarə olunmasının beynəlxalq müqavilələrin tələblərinə uyğunluğunun yoxlanılması üzrə dövlət nəzarətini əhatə edir.
Dəyişikliklərə əsasən, gəmi sahibləri bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikat verməlidirlər.
Dəyişikliklər, həmçinin Azərbaycanın dəniz limanlarına daxil olan, xarici bayraqlar altında üzən gəmilərin son üç təqvim ili ərzində hesablanmış orta illik sayının ən azı 25 faizinin müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq nəzarət yoxlamasını nəzərdə tutur.
Dəyişikliklərə uyğun olaraq, dəniz limanı kapitanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir və bilavasitə ona tabedir. Dəniz limanı kapitanının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi "Dəniz limanı kapitanı haqqında Əsasnamə" ilə tənzimlənir. Liman kapitanı dəniz üzgüçülüyü təhlükəsizliyinin və dəniz limanında nizam-intizamın təmin edilməsi sahəsində aşağıdakı funksiyaları həyata keçirir:
- gəmilərin limana daxil olmasını və limandan çıxmasını rəsmiləşdirmək,
- gəmi sənədlərini, sertifikatları (diplomları), xüsusi hazırlıq şəhadətnamələrini və sertifikatların (diplomların) verilməsinin təsdiqnamələrini yoxlamaq, gəmilərin limana daxil olması və onların limandan çıxması qaydalarının tələblərinə əməl olunmasına nəzarət, müvafiq gəmi jurnallarının yoxlanılması.
Dəyişikliklərə əsasən, gəminin təhlükəsizlik şəhadətnamələrində göstərilmiş inşa tarixindən 10 ildən artıq müddət keçdikdə qaz və kimyəvi maddələr daşıyan tankerlər, 12 ildən artıq müddət keçdikdə qalama (balker) yük gəmiləri, 15 ildən artıq müddət keçdikdə sərnişin gəmiləri, eləcə də ümumi tonnajı 3000 tondan artıq olan və təhlükəsizlik şəhadətnamələrində göstərilmiş inşa tarixindən 15 ildən artıq müddət keçdikdə neft tankerləri geniş nəzarət yoxlamasından keçirilməlidirlər. Bununla belə, Azərbaycanın limanlarına daxil olan, xarici bayraqlar altında üzən ən azı 25 faiz gəmi nəzarətdən keçməlidir.