Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Ə.Həsənov/
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti iyunun 18-dən etibarən 47 istehsal sahəsində dövlət nəzarəti aparıb.
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Xidmətin rəisi vəzifələrini icra edən Əbülfət İmanov deyib.
Aparılmış yoxlamaların nəticəsi olaraq 32 istehsal sahəsində normativ sənədlərin tələblərinə cavab verməyən məhsul istehsal olunduğuna görə, həmin müəssisələrə iradnamə və istehsalın qadağan olunması barədə 23 tələbnamə, 20 sahibkarlıq subyektinə məhsulların istehsalının və satışının qadağan olunması barədə tələbnamə verilib. Aşkar edilən qanun pozuntuları nəticəsində ümumi dəyəri 27900 manat olan cərimə sanksiyaları tətbiq edilib və onlardan 80 faizi artıq ödənilib.
"Keyfiyyətsiz məhsullar daha çox şadlıq evlərinə tədarük edilib", - o deyib.
Onun sözlərinə görə, normativ tələblərə ən çox uyğunsuzluq yoxlamalar zamanı aşkar edilən süd, alkoqolsuz içkilər və çörək istehsalçılarına aiddir.
"Bu qida məhsullarının istehsalı zamanı insan orqanizmi üçün çox zərərli və təhükəli tərkiblər, rəngləyicilər və digər qatqılar istifadə edilib, - İmanov qeyd edib. - Mövcud yoxlamalar Bakı (15 müəssisədə), Sumqayıt (4), Gəncə (8), Yevlax (5), Lənkəran (7) və Şəkini (8) əhatə edib".