...

Zaqatalada fındıq ixracatçıları üçün təlim keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2012 18:22 (UTC +04:00)
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə sentyabrın 17-21-də Zaqatalada yerli fındıq ixracatçıları üçün təlim keçirilib.
Zaqatalada fındıq ixracatçıları üçün təlim keçirilib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə sentyabrın 17-21-də Zaqatalada yerli ixracatçılar üçün təlim keçirilib. Tədbirdə yerli fındıq ixracatçıları iştirak ediblər.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlim zamanı Şimali İrlandiyadan dəvət olunmuş ixracın təşviqi üzrə mütəxəssislər tərəfindən yerli şirkətlərə ixrac marketinqi, xarici bazarlarda rəqabət, yeni müştərilərin tapılması, bazar araşdırmalarının aparılması, internet vasitəsilə satış, beynəlxalq sərgilərdə iştirak mövzularında mühazirələr oxunub.

Tədbir çərçivəsində, həmçinin, "Azsertifika" şirkətinin direktoru Seymur Cəfərov keyfiyyətin idarə edilməsi, sertifikatlaşdırma, keyfiyyət üzrə tələblər, məhsulların daşınması, Azərbaycan Bank Tədris Mərkəzinin mütəxəssisi İlkin Qarayev isə maliyyə riskləri, ödəniş metodları, bank zəmanətlərinə dair təqdimatlarla çıxış ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, 2012-ci ilin may ayında AZPROMO və GIZ arasında yerli ixracatçılar üçün təlim proqramının keçirilməsinə dair anlaşma memorandumu imzalanıb. "İxracatçılar üçün Təlim Proqramı"nın məqsədi yerli sahibkarların ixrac prosedurları, xarici bazarlar və ixrac imkanları barədə məlumatlandırılmasıdır.

Xəbər lenti

Xəbər lenti