...

"FINCA Azerbaijan" "Save The Children" təşkilatı ilə əməkdaşlığa başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2012 17:01 (UTC +04:00)
"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində "Save the Children" (Uşaqların Xilası) təşkilatı ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.
"FINCA Azerbaijan" "Save The Children" təşkilatı ilə əməkdaşlığa başladı

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində "Save the Children" (Uşaqların Xilası) təşkilatı ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.

"Save the Children" təşkilatının Avropa İttifaqının dəstəyi ilə 1 fevral 2012-ci il tarixindən həyata keçirdiyi Gözdən Əlilliyi olan İnsanlar üçün Xüsusi İqtisadi Proqrama "FINCA Azerbaijan" 8000 avro həcmində maliyyə vəsaiti ayıracaq.

Proqramın əsas məqsədi Gəncə regionunda yerləşən Azərbaycan Korlar Cəmiyyətinin qrup üzvləri olan gözdən əlil şəxslər və onların ailələri üçün davamlı gəlir imkanları yaratmaq və yoxsulluğun azaldılmasıdır. Proqramın digər xüsusi məqsədi Azərbaycan Korlar Cəmiyyətlərinin üzvləri və onların ailələri üçün istehsalat, satış, marketinq və maliyyə savadlılığı üzrə təlimlər keçirtmək, iqtisadi imkanlara çıxış yaratmaqdır. Proqram Bakıda yerləşən Azərbaycan Korlar Cəmiyyəti və Gəncə şəhər İcra Hakimiyyəti ilə sıx əməkdaşlıqla həyata keçirilir.

"FINCA Azerbaijan" tərəfindən ayrılmış vəsait Azərbaycan Korlar Cəmiyyətinin özəl şirkətlərlə əməkdaşlıq etməsinə, mikro-maliyyə təşkilatlarına çıxışların yaradılmasına, eləcə də gözdən əlil insanların potensial bizneslərini genişləndirmək üçün müxtəlif texniki istehsalat avadanlıqların alınmasına sərf olunacaq.

Yaxın gələcəkdə "FINCA Azerbaijan" digər sosial layihələrin həyata keçirilməsini də planlaşdırır.

Xəbər lenti

Xəbər lenti