Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir A.Axundov/
Azərbaycanda təyinat üzrə pensiyaların ödənişi prosesi normal aparılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
"Pensiyaçıların 99,4 faizi pensiyalarını plastik kartlar vasitəsilə alırlar. Bu gün ayın 10-dur və oktyabr ayının pensiyaları Bakı və Naxçıvan Muxtar Respublikasının bütün rayonlarındakı pensiyaçıların hesabına artıq köçürülüb. Artıq 52 milyon manat ödənilib, fondda hələ 65 milyon manatdan çox vəsait qalır. Həmin məbləğ ay ərzində ölkənin digər bölgələrindəki pensiyaçıların hesabına köçürüləcək", - Müslümov qeyd edib.
Onun sözlərinə görə, pensiyaların ödənişi üzrə agent banklar - Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Kapital Bank" əhalinin mobil bankomatlar vasitəsilə pensiyalara çıxışını yaxşılaşdıracaq.
"Bu, bank sistemi vasitəsilə plastik kartlar yolu ilə pensiyaların ödənişi sisteminin təşkilinə dair işlərin alınması üçün tenderin şərtlərindən biri olub. Məlumatımıza görə, ABB artıq üç belə bankomat sifariş edib, həmin bakomatlar tezliklə istismara veriləcək. Onlar ucqar kənd və ərazilərə göndəriləcək", - Müslümov deyib.