...

Azərbaycan hökuməti yataqxanaların gələcək aqibətini müəyyənləşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2012 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan hökuməti ölkədəki yataqxanaların sakinlərinin gələcəkdə köçürülməsi sisteminin hazırlanması ilə yanaşı, yataqxanaların mövcud vəziyyətini də qiymətləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü maliyyə naziri Samir Şərifov Milli Məclis komitələrinin 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi ilə bağlı birgə iclasında deyib.

"Azərbaycandakı, xüsusən Bakıdakı yataqxanalarda demək olar ki, qaçqın və məcburi köçkünlər yaşayırlar. Bu məsələnin həll edilməsinin yeganə yolu onlar üçün yeni yaşayış məntəqələrinin tikilməsindən ibarətdir. Bu iş aparılır. Məsələn, Masazırda artıq Bakı Dövlət Universitetinin yataqxanalarında yaşayan məcburi köçkünlər üçün yeni qəsəbə tikilir. Tikinti başa çatdıqdan sonra onlar bu qəsəbəyə köçürüləcək", - Şərifov qeyd edib.

Onun sözlərinə görə, yataqxanaların gələcək aqibəti ilə bağlı qərar qəbul etmək üçün onların texniki vəziyyəti qiymətləndiriləcək.

"Əgər onları bərpa etmək imkanı varsa, binalar sökülməyəcək. Lakin ilkin məlumatlara görə, bu binalar sökülməlidir. Bu proses gedir", - Şərifov bildirib.

Nazirin sözlərinə görə, digər mürəkkəb məsələ qaçqın və məcburi köçkün olmayan şəxslərin məskunlaşdığı yataqxanalarla bağlıdır.

"Hazırda qaçqın olmayan şəxslərin məskunlaşdığı bir sıra dövlət qurumlarına və təşkilatlara məxsus yataqxanalar var. Onları buradan çıxartmaq mümkün deyil, onların bəziləri otaqları qanunsuz yolla özəlləşdiriblər, digərləri özəlləşdirməyiblər, lakin müvəqqəti yaşayış haqqında müqavilələri var. Biz elə sistem qurmalıyıq ki, zərurət yaranacağı təqdirdə onları çıxartmaq üçün alətlərimiz olsun. Bu, böyük və mürəkkəb istiqamətdir", - Şərifov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti