Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir A.Axundov/
İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) və Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fonduna (AİF) dövlət maliyyəsinin artırılması ölkədə bir sıra yeni layihələri həyata keçirməyə imkan verəcək.
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Hesablama Palatasının sədri Heydər Əsədov Milli Məclisdə 2013-cü il və növbəti 3 il üçün dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Gələn il dövlət büdcəsindən SKMF üçün 150 milyon manat ayırmaq planlaşdırılır. Nəzərə alsaq ki, artıq bir neçə il ərzində bu vəsaitlər Fondun sərəncamına ardıcıl qaydada toplanır, o zaman 2013-cü ildə Fondun kredit portfelinin həcmi 920 milyon manata çatacaq. Bu, bir sıra layihələri maliyyələşdirməyə imkan verəcək", - Əsədov qeyd edib.
Gələn il dövlət büdcəsi hesabına AİF-in maliyyələşdirilməsini iki dəfə artırmaq planlaşdırılır.
"Gələn il üçün ayrılan 40 milyon manat və AİF-in yerləşdirdiyi ipoteka istiqrazları hesabına Fondun portfeli 2013-cü ildə 400 milyon manatı ötəcək ki, bu da yeni layihələri maliyyələşdirməyə imkan yaradacaq", - Əsədov vurğulayıb.