Azərbaycan, Bakı, 13 noyabr /Trend/
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Beynəlxalq Valyuta Fondunun (BVF) Bakıda səfərdə olan missiyası ilə görüşüb.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, görüşdə nazir Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verərək, Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb. Bu ilin 9 ayının iqtisadi göstəriciləri barədə məlumat verən Mustafayev iqtisadiyyatın bütün sahələrində, xüsusilə qeyri-neft sektorunda artım dinamikasını qeyd edib, ilin sonuna proqnozları diqqətə çatdırıb.
İqtisadi İnkişaf naziri ölkədə aparılan sənayeləşmə siyasəti, eləcə də kənd təsərrüfatı, İKT, nəqliyyat, turizm, alternativ enerji və s. sahələrdə həyata keçirilən layihələr barədə məlumat verib, iqtisadi inkişafda özəl bölmənin rolunun daha da artdığını vurğulayıb.
BVF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Raca Almarzoqi Azərbaycanda iqtisadi sabitliyin qorunub saxlanılması və dinamik iqtisadi inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlərin Fond tərəfindən maraqla izləndiyini qeyd edib, islahatların bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə 2013-cü il üçün proqnozlar, qeyri-neft sektorunun ÜDM-də payının daha da artırılması və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.