Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat nazirinin müavini Mohammed Əhməd Bin Abdul Aziz Al Şihhi bu gün keçirilən ikitərəfli görüş zamanı iki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin genişləndirilməsi üçün potensial imkanlardan səmərəli istifadənin əhəmiyyətini qeyd ediblər.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini vurğulayıblar və iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, sənaye, kənd təsərrüfatı, ticarət, tikinti, infrastruktur, İKT, turizm, logistika, qarşılıqlı investisiya qoyuluşu və s. sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Mustafayev Birləşmiş Ərəb Əmirliklərində həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakı, birgə investisiya fondlarının təşkili, həmçinin turizm və sənaye parkları sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.