Azərbaycanın sənaye sahələrində il ərzində 28,5 milyard manatlıq məhsul istehsal olunub

Azərbaycan, Bakı, 14 noyabr /Trend/
Azərbaycanın sənaye sahələrində 2012-ci ilin yanvar-oktyabr aylarında 28,5 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Qeyri-neft sektorunda 6,8 faiz artım, neft sektorunda isə 5,9 faiz azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istehsalın 76,1 faizi mədənçıxarma, 18,6 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.
Cari ilin on ayı ərzində neft hasilatı 36 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 14,4 milyard kubmetr təşkil edib, qeyri-neft bölməsinin məhsullarından qida, içki, toxuculuq, geyim, kağız və karton, poliqrafiya, rezin və plastmas məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatların, elektrik avadanlıqlarının, mebel, elektrik enerjisinin və s. məhsulların istehsalında daha çox artım əldə edilib.