Azərbaycanda çirkab suların Xəzərə axıdılmasının qarşısını almaq üçün tunel tikilməsi təklif edilir

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi çirkab suların birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa hesablanmış Dənizkənarı Milli Park boyunca kanalizasiya tunelinin çəkilməsi layihəsini təklif edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
"Nazirliyin apardığı monitorinq nəticəsində Dənizkənarı Milli Parkın 14 yerində çirkab suların Xəzərə axıdılması halı qeydə alınıb. Onların çoxu uçotda deyil və ətraf mühiti çirkləndirir", - Bağırov vurğulayıb.
Onun sözlərinə görə, bu problemlərin həll edilməsi üçün bulvarın sahil hissəsində dənizlə birləşən tunel tikmək məqsədəuyğun olardı. Şəhərdən bütün axıntılar sahil ilə tunelə daxil ola və çıxarıla bilər. Çox vaxt ekskavasiya işlərini aparmaq mümkün olmur, çünki kommunikasiya xətləri çox köhnədir.
"Bu suların bir hissəsini Hövsandakı sutəmizləyici qurğulara, digər hissəsini isə Ələtdə yeni dəniz ticarət limanın yaradılması üzrə işlər çərçivəsində tikilməsi mümkün olan yeni müasir qurğulara yönləndirmək olar. Bunun üçün Hövsandakı təkcə bir qurğunun gücü kifayət etmir, buna görə də Ələtədək tunelin çəkilməsini davam etdirmək lazımdır", - Bağırov bildirib.
Onun sözlərinə görə, tunel Bakı kimi böyük şəhərin axıntılarının birbaşa Xəzərə düşməsinin qarşısını almağa imkan verəcək.
"Bu, mövcud problemin həllində ən səmərəli üsuldur", - nazir deyib.
Bağırovun sözlərinə görə, tunelin çəkilməsi məsələsi müvafiq dövlət strukturları ilə müzakirə edilir.