...

Macarıstan Azərbaycanda su və kanalizasiya layihələrində iştirak etməkdə maraqlıdır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2013 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda səfərdə olan Budapeşt şəhər Su İdarəsinin rəhbəri və "Water Business Cluster" şirkətinin baş katibi Qsaba Haranginin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Hüseynov bildirib ki, son illər paytaxt Bakıda və regionlarda iri su və kanalizasiya layihələri icra olunur və bu zaman dünyanın ən son texnologiyaları tətbiq olunur: "Azərsu" ASC həm içməli su, həm kanalizasiya, həm də yağış sularının idarə olunması layihələrini icra edir. Bu işlərin böyük bir hissəsi dövlət büdcəsindən ayrılan investisiya hesabına maliyyələşdirilir. Eyni zamanda, 10-dan artıq layihə beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına reallaşdırılır. Biz bu sahədə islahatlar aparmış və artıq infrastrukturu yenidən qurmuş şirkətlərin təcrübəsini öyrənirik. Vaxtilə həm Azərbaycan, həm də Macarıstan sosialist sisteminin tərkib hissəsi olub və bu baxımdan sizin şirkətin təcrübəsi bizim üçün maraqlıdır. Odur ki, "Water Business Cluster" şirkəti ilə əməkdaşlıqda maraqlıyıq".

Macarıstan şirkətinin baş katibi Qsaba Harangi ötən əsrin 90-cı illərindən etibarən Budapeşt şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanıldığını və köhnəlmiş texnologiyanın tam yeniləndiyini bildirib. O, qazandıqları təcrübədən Azərbaycanda istifadə edilməsində və konkret layihələrdə iştirakda maraqlı olduqlarını qeyd edib: "Təmsil etdiyim şirkət Azərbaycanda su və kanalizasiya layihələrində iştirak etmək məqsədini qarşıya qoyub. Azərbaycan hökuməti tərəfindən bu sektora ciddi dəstək verildiyindən də xəbərdarıq. Bizim şirkət su anbarlarının, çirkab sutəmizləyici qurğuların, həmçinin kanalizasiya və yağış sularının axıdılması üçün tunellərin layihələndirilməsi, eyni zamanda tikintisində ixtisaslaşıb. İndiyə qədər Rusiyanın Nijni Novqorod, Samara və Saransk şəhərlərində iri layihələr həyata keçirmişik".

Abşeron yarımadasında 200 km-dən artıq tunel tipli kanalizasiya kollektorunun, regionlarda 45-dən artıq çirkab sutəmizləyici qurğunun tikiləcəyini söyləyən "Azərsu" ASC-nin sədri Macarıstan şirkətini keçiriləcək tenderlərdə iştiraka dəvət edib.

Görüşdən sonra macarıstanlı qonaqlar Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun, Xırdalan şəhərində yağış sularının axıdılması üçün kollektorun və Mərkəzi laboratoriyanın yeni binasının tikintisi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti