...

Azərbaycanda ÜDM-in həcmi 54 milyard manata çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2013 19:47 (UTC +04:00)
İlkin hesablamalara görə, 2012-ci ildə Azərbaycan rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 54 milyard manata çatıb.
Azərbaycanda ÜDM-in həcmi 54 milyard manata çatıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

İlkin hesablamalara görə, 2012-ci ildə Azərbaycan rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 54 milyard manata çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu dövrdə cari qiymətlərlə 77,9 milyard manatlıq məhsul və xidmətlər istehsal olunub ki, bu da 2011-ci ildəkindən 4,5 milyard manat çoxdur. Məhsul istehsalına sərf edilmiş mal və xidmətlərin dəyəri 23,9 milyard manat və ya məhsul və xidmətlər buraxılışının 30,7 faizini təşkil edib.

Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 9,7 faiz artımı müşahidə olunub, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 48,8 faizdən 52,7 faizədək yüksəlib. Müvafiq olaraq ümumi daxili məhsulun 47,3 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşüb və əvvəlki ilə nisbətən 5 faiz azalıb.

2012-ci il ərzində sənayedə 27 milyard manatlıq, yaxud ümumi daxili məhsulun 50 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 2,8 milyard manatlıq (müvafiq olaraq 5,2 faiz), tikintidə 5 milyard manatlıq (9,2 faiz), nəqliyyat və anbar təsərrüfatında 2,9 milyard manatlıq (5,5 faiz), informasiya və rabitə xidmətlərində 927,2 milyon manatlıq (1,7 faiz), ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 3,6 milyard manatlıq (6,7 faiz), turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 910,3 milyon manatlıq (1,7 faiz), sosial və digər xidmətlər sahəsində isə 7,5 milyard manatlıq (13,8 faiz) əlavə dəyər yaradılıb.

Ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 5884,5 manat və ya 7490,5 ABŞ dolları təşkil edib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 6,2 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti