...

Bu il Azərbaycan biznesinə ilk güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2013 14:17 (UTC +04:00)
Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağsu və ətraf rayonlarının 45 sahibkarlıq subyektinə 374,5 min manat məbləğində güzəştli kreditlər verilib.
Bu il Azərbaycan biznesinə ilk güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağsu və ətraf rayonlarının 45 sahibkarlıq subyektinə 374,5 min manat məbləğində güzəştli kreditlər verilib. Trend-in məlumatına görə, bu barədə cümə günü İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.

"Bu vəsaitlər hesabına layihələrin həyata keçirilməsi 70-dək yeni iş yerinin açılmasına kömək edəcək", - məlumatda qeyd edilir.

Kreditlərin verilməsi Ağsu və ətraf rayonlarda fəaliyyət göstərən 100-ə yaxın sahibkarın iştirakı ilə Pirhəsənli kəndində keçirilən tədbir çərçivəsində baş tutub.

Tədbirdən əvvəl Ağsu rayonunda əsas hissəsi SKMF-nin güzəştli kredit hesabına maliyyələşdirilmiş üzümçülük təsərrüfatında aparılan işlərə baxış keçirilib.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, ötən il Dağlıq Şirvan iqtisadi rayonu üzrə 160 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 4 milyon manatdan çox güzəştli kredit verilib.

2012-ci ildə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 218 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Şirzad Abdullayev 2013-cü ildə Fondun vəsaitlərinin yönəldiləcəyi prioritet sahələri tədbir iştirakçılarının diqqətinə çatdırıb və qeyd edib ki, artıq sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsinə başlanılıb.

Belə ki, bu ilin ötən dövrü ərzində 50-yə yaxın sahibkara 8,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 470 yeni iş yerinin yaradılmasına imkan verəcək.

2013-cü ildə Fond 250 milyon manat həcmində kredit verməyi planlaşdırır, bu vəsaitdən 100 milyon manat kreditlərin qaytarılması hesabına, qalanı 150 milyon manat isə dövlət büdcəsi vəsaitləri hesabına təmin ediləcək.

SKMF-dən ilk kreditlər daha əvvəl verilən kreditlərdən qaytarılan vəsaitlər hesabına ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti