...

İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2013 15:03 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı yanvarın 18-də İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı yanvarın 18-də İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilmişdir.

İİN-dən Trend-ə verilən məlumata görə, nazirliyin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda çıxış edən İqtisadi İnkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev 2012-ci ildə qazanılmış iqtisadi nailiyyətlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, uğurla yola saldığımız 2012-ci ildə ÜDM 2,2% artmış, onun adambaşına düşən həcmi 5884,5 manat (7490,5 ABŞ dolları) təşkil etmiş, ÜDM-nin artımına qeyri-neft sektoru hesabına nail olunmuşdur. Ötən il qeyri-neft sektorunda artım 9,7% təşkil etmiş, qeyri-neft sənayesi 7,8%, kənd təsərrüfatı 5,8%, tikinti 18%, nəqliyyat 5%, rabitə 15,9%, turizm 18,8% və s. artmışdır. İllik inflyasiya 1,1% təşkil etmişdir. Bütün mənbələr hesabına iqtisadiyyata 22,1 milyard dollar investisiya yatırılmışdır ki, bunun 13,3 mlrd. dolları daxili, 8,8 mlrd. dolları isə xarici investisiyalardır.

Ötən ilin 11 ayında 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 mlrd. dollar, xarici ticarət saldosu müsbət 22,6 mlrd. dollar təşkil etmiş, qeyri-neft ixracı 11,2% artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 46 mlrd. dollar olmuşdur ki, bu da xarici dövlət borcundan təxminən 10 dəfə çoxdur. Məqsədyönlü dövlət proqramlarınının uğurlu icrası nəticəsində regionlarda, Bakı şəhəri və onun qəsəbələrində abadlıq-quruculuq işləri davam etmiş, yeni müəssisələr, iş yerləri açılmışdır. Ötən il infrastruktur layihələrinin icrası, sənaye parklarının təşkili istiqamətində tədbirlər davam etdirilmişdir.

2012-ci ildə sosial layihələr həyata keçirilmiş, əhalinin pul gəlirləri 13,8%, əmək haqqı təqribən 10% artmışdır. Ölkədə yoxsulluğun səviyyəsi 6%-ə, işsizliyin səviyyəsi isə 5,2%-ə enmişdir.

Sahibkarlığa göstərilən dövlət dəstəyi tədbirləri real bəhrələrini vermiş, ilin yekunlarına görə özəl bölmənin ÜDM-də xüsusi çəkisi 83% təşkil etmişdir. Dövlət başçısının tapşırığına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqi təmin edilmiş, sahibkarlara göstərilən elektron xidmətlərin sferası daha da genişləndirilmişdir.

İqtisadi İnkişaf naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə bir sıra tapşırıqların verildiyini vurğulamışdır.
Kollegiya iclasında dövlət başçısının makroiqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun inkişafı, dövlət proqramlarının icrasının sürətləndirilməsi, sənayeləşmənin davam etdirilməsi, infrastruktur layihələrinin icrası, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsi, əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsi, əhalinin kommunal xidmətlərə tələbatının daha dolğun ödənilməsi, rəqabətqabiliyyətli məhsul istehsalının və xarici bazarlara çıxışın genişləndirilməsi, 2013-cü ilin İKT ili elan olunması ilə əlaqədar informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və s. istiqamətlərdə verdiyi göstərişlərin vaxtında və yüksək keyfiyyətlə icra olunması üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilmiş, müvafiq Tədbirlər Planının hazırlanması qərara alınmışdır.

İclasda həmçinin, Azərbaycan iqtisadiyyatının, biznes və investisiya mühitinin təşviqi sahəsində Nazirlik tərəfindən görülən işlər müzakirə edilmiş, bu sahədə tədbirlərin gücləndirilməsi, effektivliyinin artırılması istiqamətində tapşırıqlar verilmişdir.

Kollegiya iclasında bir sıra cari məsələlər də müzakirə olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti