...

Azərbaycan gömrük nəzarəti qaydalarını təkmilləşdirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2013 19:18 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinin 2013-cü il yanvarın 18-də təsdiq etdiyi "Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"na uyğun olaraq, mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətini həyata keçirəcək.
Azərbaycan gömrük nəzarəti qaydalarını təkmilləşdirdi

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.Xəlilova/

Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinin 2013-cü il yanvarın 18-də təsdiq etdiyi "Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"na uyğun olaraq, mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətini həyata keçirəcək.

Trend-in çərşənbə günü Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qaydalar 2012-ci il yanvarın 1-də qüvvəyə minən Gömrük Məcəlləsinin yeni redaktəsi əsasında hazırlanıb.

Bu qaydalar gömrük sərhəd buraxılış məntəqələrində və gömrük rəsmiləşdirilməsi yerlərində istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulan mallara və nəqliyyat vasitələrinə münasibətdə gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.

Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilir və bu mallara münasibətdə gömrük nəzarəti Gömrük Məcəlləsinə əsasən tənzimlənir.

Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətinin müstəsna forması kimi şəxsi yoxlamanı gömrük idarəsinin və ya struktur bölməsinin rəhbərliyinin qərarı əsasında həyata keçirirlər.

Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı üsullarla həyata keçirirlər: gömrük təminatı vasitələrindən istifadə etməklə; gömrük nəzarətinin həyata keçirilməsinə yardım üçün mütəxəssisləri və ekspertləri cəlb etməklə; gömrük nəzarəti zonalarını yaratmaqla və qanunvericilikdə nəzərdə tutulmuş digər üsullarla.

Gömrük nəzarətinin həyata keçirilməsi zamanı gömrük orqanları aşağıdakı vasitələrdən istifadə edirlər: texniki nəzarət vasitələrindən (detektorlar, rentgen aparatları, surətçıxaran avadanlıqlar, mexaniki, elektrik, elektron cihazlar, gömrük nəzarəti üzrə müşayiət qurğuları, qlobal mövqetəyinetmə sistemi (GPS) və s.); dəniz (çay) və hava gəmilərindən; gömrük orqanlarının informasiya resurslarından; xidməti itlərdən və gömrük nəzarətinin məqsədlərinə nail olmaq üçün siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş digər vasitələrdən.

Gömrük nəzarətinin həyata keçirilməsi üçün aşağıdakı sənədlər tələb olunur: nəqliyyat sənədləri; mallar və nəqliyyat vasitələri barədə məlumatları özündə əks etdirən bəyannamə.

Gömrük işi üzrə digər qanunvericilik aktları ilə gömrük orqanlarına təqdim olunması nəzərdə tutulmuş sənədlər, o cümlədən gömrük bəyannamələri elektron formada təqdim oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti