...

Azərbaycan gələcəkdə "Beynəlxalq Yaşıl Həftə" sərgisində müstəqil pavilyonla təmsil olunması müzakirə edilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2013 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə "Beynəlxalq Yaşıl Həftə - 2013" sərgisində iştirak etmək məqsədilə Almaniyanın paytaxtı Berlin şəhərində rəsmi səfərdədir.

Kənd Təsərrüaftı Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Abasov Almaniyanın sərgilərin təşkil edilməsi sahəsində ixtisaslaşan "Messe Berlin" təşkilatının "Yaşıl Həftə" layihəsinin rəhbəri Lars Yegers ilə görüş keçirib.

Rəhbərlik etdiyi layihə barədə məlumat verən cənab Yegers 1926-cı ildən keçirilən "Yaşıl Həftə" sərgisinin özəl sektor nümayəndələri üçün iqtisadi forum olmaqla yanaşı, kənd təsərrüfatı və ərzaq səhəsi üzrə yüksək vəzifəli hökumət nümayəndələrinin, qeyri-hökumət təşkilatları təmsilçilərinin və elm adamlarının bir araya gəldiyi mühüm siyasi-ictimai bir tədbir olduğunu bildirib.

Abasov "Yaşıl Həftə" sərgisinin Azərbaycanın kənd təsərrüfatı və ərzaq sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlar tərəfindən rəğbətlə qarşılandığını və Azərbaycanın ardıcıl olaraq bu sərgidə təmsil olunduğunu müqabil tərəfin diqqətinə çatdırıb. Azərbaycanda son illərdə baş vermiş yüksək inkişaf tempi və makroiqtisadi göstəricilərə toxunan nazir, həmçinin Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının qeyri-ənənəvi bazarlara çıxışının təmin edilməsində, yerli məhsulların iş adamlarına və istehlakçılara təqdim olunmasında bu sərginin əhəmiyyətini qeyd edib.

Görüş Azərbaycanın gələcəkdə bu sərgidə müstəqil pavilyonla təmsil olunması ilə bağlı müzakirələrlə davam etdirilib.

Daha sonra nazir İsmət Abasov "Messe Berlin" təşkilatının "Frut Logistika" layihəsinin rəhbəri Gerald Lamusse ilə görüş keçirib.

Lamusse, əsasən, faraş meyvə-tərəvəz məhsullarının nümayiş etdirilməsi məqsədilə hər il Berlində təşkil olunan "Frut Logistika" sərgisi barədə məlumat verərək 2012-ci ildə keçirilmiş sərgidə dünyanın 127 ölkəsindən 56 mindən çox ziyarətçinin iştirak etdiyini bildirib.

Nazir Azərbaycanda meyvə-tərəvəz məhsullarının istehsalı sahəsində müsbət inkişaf dinamikasının olduğunu, Azərbaycanın bir çox meyvə-tərəvəz məhsulları ilə öz daxili tələbatını təmin etdiyini və geniş ixrac potensıalının mövcud olduğunu qeyd edib. Azərbaycanın meyvə-tərəvəz məhsullarının istehsalı üçün əlverişli təbii iqlim şəraiti, bu məhsulların genişlənən ixrac coğrafiyası və artan çeşidi barədə müqabil tərəfə məlumat verilib.

Görüş zamanı, həmçinin Azərbaycanın gələcəkdə bu sərgidə təmsil olunması məsələsi müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti