Gürcüstan, Tbilisi, 30 yanvar /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın İqtisadiyyat Nazirliyində çərşənbə axşamı Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan ərazisində Marabda-Karsaxi sahəsinin tikintisi məsələsinə baxılıb.
Nazirlikdən Trend-ə bildirilib ki, nazir İrakli Kvirikaşvili bununla əlaqədar Marabda-Karsaxi dəmir yolunun ikitərəfli koordinasiya şurasının sədri, Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanovu qəbul edib.
Tərəflər dəmir yolunun Gürcüstan sektorunda işlərin sürətləndirilməsi üzrə tədbirləri və gələcək planları müzakirə ediblər.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi çərçivəsində 2007-2012-ci illər ərzində 431,3 milyon dollar xərclənib.
O cümlədən 2012-ci ildə Azərbaycan hökumətinin kreditindən 151,5 milyon dollar istifadə edilib.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərarası sazişi əsasında inşa olunur.