...

Samir Şərifov: Azərbaycanda 2012-ci büdcə ili uğurlu olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2013 20:49 (UTC +04:00)
İlkin məlumatlara əsasən, 2012-ci il icmal büdcəsinin gəlirləri 22,1 milyard manat və ya 101 faiz, icmal büdcənin xərcləri isə 19,7 milyard manat və ya 94,4 faiz icra olunub.
Samir Şərifov: Azərbaycanda 2012-ci büdcə ili uğurlu olub (FOTO)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.Xəlilova/

İlkin məlumatlara əsasən, 2012-ci il icmal büdcəsinin gəlirləri 22,1 milyard manat və ya 101 faiz, icmal büdcənin xərcləri isə 19,7 milyard manat və ya 94,4 faiz icra olunub. Trend-in məlumatına görə, bu barədə cümə günü maliyyə naziri Samir Şərifov 2012-ci ilin yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.

Nazir 2012-ci büdcə ilinin uğurla icra edildiyini bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsinin mədaxili 17,3 milyard manat və ya 101,4 faiz, xərcləri isə 17,1 milyard manat və ya 96,7 faiz təşkil edib.

2012-ci ildə dövlət büdcəsi xərclərinin 5,3 faizi cari xərclərə, 43,4 faizi əsaslı xərclərə, 1,3 faizi isə dövlət borclarına xidmətlə bağlı xərclərə sərf edilib.

"2011-ci ilə nisbətən 2012-ci ildə dövlət büdcəsindən təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, müdafiə, kənd təsərrüfatı xərclərinə orta hesabla 8,7 faizədək çox vəsait yönəldilib. Dövlət büdcəsindən sosialyönümlü xərclərə 4,7 milyard manat və ya 27,4 faiz sərf edilib ki, bu da 2011-ci illə müqayisədə 7,9 faiz çoxdur", - nazir vurğulayıb.

2012-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı maliyyə orqanlarının qarşısında duran vəzifələrin ümumən yerinə yetirildiyini deyən nazir qeyd edib ki, əməkhaqlarının, müavinətlərin, pensiyaların, dövlət borcu üzrə öhdəliklərin yerinə yetirilməsi, bütün zəruri xərclərin maliyyələşdirilməsi təmin edilib.

Nazir 2012-ci ilin digər böyük sosial hadisəsindən - sovet əmanətlərinin qaytarılması prosesindən danışaraq bildirib ki, Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icrası müvəffəqiyyətlə təmin edilib.

Onun sözlərinə görə, 2012-ci il iyun ayının 1-dən 2013-cü il yanvar ayının 1-dək "Kapital Bank" ASC-nin struktur bölmələri tərəfindən 1 448 941 əmanət hesabı üzrə 554 milyon 711 min manatdan çox vəsait fərdi birdəfəlik ödəmələr şəklində əmanətçilərə ödənilib.

Həmçinin bildirilib ki, Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiya tərəfindən müvafiq meyarlara uyğun olan və Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunmasına başlanılıb.

2012-ci ilin II rübündən başlayaraq dövlət büdcəsinin icrasına dair rüblük hesabata icmal büdcənin göstəriciləri də daxil edildiyi, yerli xərclərdən maliyyələşən və maliyyə yardımı alan təşkilatların, maliyyə orqanlarının aidiyyəti işçilərinə büdcə layihəsinin tərtibi ilə bağlı praktiki köməklik göstərilməsi üçün Maliyyə Nazirliyinin İşçi qrupu tərəfindən bütün rayon və şəhərləri əhatə edən zonalar üzrə seminar müşavirələrin keçirildiyi diqqətə çatdırılıb.

İclasda 2013-cü il dövlət büdcəsinin bütün parametrləri üzrə icrasının təmin olunması, vəsaitlərdən daha da səmərəli istifadə edilməsi və nəzarətin gücləndirilməsi, 2012-ci il dövlət büdcəsinin icrasına dair müvafiq qanun layihəsinin və yardımçı materialların hazırlanıb aidiyyəti üzrə təqdim olunması, 2014-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihəsinin vaxtında və daha da keyfiyyətlə hazırlanması üçün qanunvericiliklə qarşıya qoyulmuş vəzifələrin vaxtında yerinə yetirilməsinə dair tapşırıqlar verilib.

İclasda Maliyyə Nazirliyinin tabeliyində olan qurumların və rayon, şəhər maliyyə orqanlarının maddi-texniki bazasının və iş şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyi qeyd olunub.

Sonra Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş Maliyyə Nazirliyinin 4 nəfər əməkdaşına medallar təqdim olunub. Tədbirdə həmçinin, Maliyyə Nazirliyi sistemində uzun müddətli səmərəli fəaliyyətləri və peşəkarlıqlarına görə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrləri ilə "Azərbaycan Respublikası maliyyə nazirinin Təşəkkürnaməsi" ilə təltif olunmuş Maliyyə Nazirliyinin 7 nəfər əməkdaşı da təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti