Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir A.Axundov/
2012-ci ildə Rusiyadan Azərbaycana bir pul köçürülməsinin orta həcmi 617 dollar təşkil edib ki, bu da MDB ölkələri arasında ən yüksək göstəricidir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) iclasında deyib.
"Rusiyada 600 mindən 3 milyonadək azərbaycanlı yaşayır. Rəqəmlər dəyişkəndir, lakin əlaqələrin dinamikası, şübhəsiz, yüksəkdir", - Doroxin qeyd edib.
Onun sözlərinə görə, iki ölkə arasında həftədə 88 aviauçuş həyata keçirilir, həftədə 10 qatar yola salınır, avtobus reyslərinin sayı isə ümumiyyətlə hesablanmayıb.
"Təkcə Zaqatala şəhərindən avtobuslar 29 marşrut üzrə Rusiyaya yola salınır. Yeni reyslərin açılması gələcəkdə də davam etdiriləcək", - Doroxin bildirib.