...

Bakı və ətraf qəsəbələrin sahibkarlarına 102 milyon manat güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2013 15:24 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, müasir istehsal, emal və infrastruktur layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsini davam etdirir.
Bakı və ətraf qəsəbələrin sahibkarlarına 102 milyon manat güzəştli kredit verilib

Azərbaycan, Bakı, 22 fevral /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, müasir istehsal, emal və infrastruktur layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsini davam etdirir. Bu gün 22-də Fond "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə 100-ə yaxın sahibkar iştirak edib. Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondundan ayrılmış güzəştli kredit hesabına maliyyələşdirilmiş Suraxanı rayonunda ildə 3440 transformator və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsal etmək gücünə malik zavodun tikinti-quraşdırma işlərinə baxış keçirilib. Fond tərəfindən bu layihənin maliyyələşdirilməsinə 5 milyon manat kredit verilib.

Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun, quş kəsimi müəssisəsinin və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla 342 sahibkara 51,8 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlərin reallaşdırılması 1500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 419 investisiya layihəsinin maliyyələşdirilməsinə 102 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3500-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 872 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, şüşə qablar, uşaq bezləri və müxtəlif növ salfetkalar, un məmulatları, çörək, tikinti materialları istehsalı, heyvandarlıq, quşçuluq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 90-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti