Azərbaycan, Bakı, 7 mart /Trend/
Düşmən mövqelərindən cəmi bir neçə yüz metr aralıda yerləşən Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin içməli su probleminin birdəfəlik həlli məqsədilə yeni layihənin icrasına başlanılıb.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 6-da kəndə səfər edən ASC-nin sədri Qorxmaz Hüseynov Tapqaraqoyunlu əhalisi ilə görüşüb və görüləcək işlərlə bağlı müzakirələr aparıb, qısa müddətdə Tapqaraqoyunlu kəndinə yeni mənbədən təmiz, keyfiyyətli içməli suyun veriləcəyini bildirib: "Tapqaraqoyunlu kəndinin içməli su problemini həll etmək məqsədilə Ballıqaya-Goranboy magistral kəmərindən 20 km uzunluğunda yeni su xətti çəkiləcək. Kənd əhalisinin 24 saat fasiləsiz su təchizatını təmin etmək üçün yüksəklikdə yerləşən ərazidə anbar kompleksi inşa ediləcək, kənddaxili paylayıcı su şəbəkəsi yaradılacaq və hər bir evə birləşmə veriləcək. Hədəfimiz qısa müddətdə bu işləri başa çatdırmaq və yaya qədər kəndi içməli su ilə təmin etməkdir".
Cəbhənin təmas xəttində, Ermənistan ordusunun işğal etdiyi Ağdərə rayonunun Talış kəndi ilə sərhəddə yerləşən Tapqaraqoyunlu kəndində 2800-ə yaxın əhali yaşayır. Yerli əhali içməli su kimi Ermənistan ordusunun nəzarətində olan ərazilərdən axıb gələn İncə çayından ayrılmış arxın suyunu müxtəlif yollarla təmizləyərək istifadə edirlər.
Qeyd edək ki, "Azərsu" ASC tərəfindən 2012-ci ildə Ağdam, Füzuli, Ağcabədi və Tərtər rayonlarının sərhəd kəndlərində içməli su layihələri icra edilib və nəticədə 6 mindən çox insanın içməli su təminatı yaxşılaşıb.