Azərbaycan, Bakı, 12 mart /Trend/
"Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası" ASC xarici ölkələrdə investisiya yatırımının artırılması, soydaşlarımıza qayğı və diqqətin gücləndirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində işləri davam etdirir. Bu tədbirlər planına uyğun olaraq, soydaşlarımızın yığcam yaşadıqları bölgələrdə həyata keçirilmiş infrastruktur layihələri bunun sübutudur.
Martın 11-də Gürcüstan Respublikasının Kvemo-Kartli vilayətinin Marneuli rayonunda bir sıra tədbirlər keçirilib. Tədbirlərdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, "Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Direktorlar Şurasının sədri, baş direktoru Xaqani Quluzadə, Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstan parlamentinin deputatları Tinatin Xidaşeli, Mahir Dərziyev, Əli Məmmədov və başqaları iştirak ediblər.
Marneuli rayonunun 17 000 əhalisi olan Alget kəndində uzunluğu 33, eni 5 metr olan kəndarası körpünün istifadəyə verilməsini kənd əhalisi böyük sevinclə qarşılayıb. Sonra Candar kəndində 21 000 m2 (2,1 hа) ərazidə soyuducu kameraların təməlqoyma mərasimi keçirilib.
Mərasimdə jurnalistlərə müsahibə verən ARDNŞ prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş naziri Bidzina İvanişvili ilə görüşündə diqqət azərbaycanlılar yaşayan bölgələrin sosial-iqtisadi inkişafı məsələlərinə yönəldilib. Baş nazir ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdiriləcəyini bir daha vurğulayıb.
Mərasimdə iştirak edən Abdullayev Gürcüstanın qazlaşdırılmasında ARDNŞ-nin mühüm rol oynadığını və təməlqoyma mərasimi keçirilmiş soyuducu kameraların gürcüstanlı azərbaycanlıların müraciəti əsasında Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunduğunu bildirib.
Gürcüstanın kənd təsərrüfatı naziri David Kirvalidze soyuducu kameraların tikintisinin böyük əhəmiyyət kəsb etdiyini və bunun bölgənin azərbaycanlı fermerlərinə yaxşı hədiyyə olduğunu qeyd edib. Nazir soyuducu kameraların istismara verildikdən sonra fermerlərin məhsullarını həmin kameralarda saxlayıb onlar üçün münasib vaxtda satışa çıxarmaq imkanına malik olacaqlarını bildirib.
Soyuducu kameraları "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın törəmə şirkəti "Akkord-Corcia" inşa edir. Burada kənd təsərrüfatı məhsullarının saxlanılması üçün hər cür şərait yaradılacaq.
Qeyd edək ki, həmin gün ARDNŞ Gürcüstanda silsilə tədbirlər keçirib.