Azərbaycan, Bakı, 15 mart /Trend/
Parisdə Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyi və Fransa-Azərbaycan Ticarət Palatasının dəstəyi və "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin sponsorluğu ilə "Azərbaycan-Qafqazın lokomotivi: Potensiallar və Sərmayə imkanları" adlı Avropa-Azərbaycan Biznes Forumu keçirilmişdir.
Fransanın Milli Sənaye Təşkilatının binasında keçirilən tədbirdə əsas məqsəd Azərbaycanın biznes və sərmayə qoyulması üçün sahələri təqdim etmək, həmçinin iki ölkə investorlarının enerji texnologiyaları, su və sanitariya, aqrar-sənaye kompleksi, telekommunikasiyalar və aerokosmik sahələr, yüksək səviyyəli infrastruktur layihələri kimi vacib sektorlarla bağlı müzakirələr aparması olmuşdur.
Forumun açılış mərasimində Fransanın Azərbaycandakı ilk səfiri və hazırda Fransa-Azərbaycan Ticarət Palatasının sədri Jan Perən, Fransa Xarici İşlər Nazirliyinin Qafqaz və Orta Asiya ölkələri üzrə şöbənin direktor müavini Fransua Delaus, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış ediblər.
Çıxışlarda Fransa ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin səviyyəsinin yüksək olduğu, bu istiqamətdə daha çox işlər görməyin vacibliyi vurğulanmışdır. Ölkəmizdə infrastruktur layihələrinə yetərincə diqqət ayrıldığı - yeni otellərin tikilməsi, Bakı metropoliteninin genişləndirməsi, dəmir yollarının və aviasiyanın inkişaf etdirilməsi xüsusi qeyd edilmişdir.
Çıxışlarda hər iki ölkənin ticarət sahəsində ən əhəmiyyətli tərəfdaşı olmaq kimi hədəflərinin olduğu və bu istiqamətdə lazım olan bütün addımların atacağı bildirimişdirib.
Daha sonra forum iştirakçıları bir neçə işçi qrupu çərçivəsində ayrı-ayrı mövzular üzrə layihələr təqdim edib, fikir mübadiləsi aparıblar. Forumun "İri infrastruktur layihələr və beynəlxalq sərmayələr" sessiyasında "Akkord" Korporasiyasının İdarə Heyətinin üzvü Samir Qasımov məruzə ilə çıxış edib. Çıxışdan sonra mövzu ətrafında müzakirələr aparılıb. "Akkord" Korporasiyasının Fransanın "Bouygues" şirkəti ilə birgə qoşulduğu Bakı Metropolitenində yeni stansiyaların tikintisi layihəsi xüsusi marağa səbəb olub. Forum iştirakçılarına "Akkord-Bouygues" Birgə Müəssisəsinin təkcə Bakı şəhərində yeni metropoliten xətləri və stansiyalarının tikinitisində deyil, eyni zamanda Azərbaycanda digər infrasktruktur layihələrin reallaşmasında da birgə iştirak edəcəkləri açıqlanıb.
Panellərdə Fransadan Elzas regionun Aşağı Reyn departamentindən senator Andre Rayxard, Fransa Senatında Fransa-Qafqaz parlamentlərarası dostluq qrupunun vitse-prezidenti, xanım Natali Qule, Fransa Senatında enerji məsələləri üzrə qrupun həmsədri Ladislas Poniatovski, Avropa İnkişaf Bankının I prezidenti, məşhur iqtisadçı Jak Atali, Azərbaycandan ARDNŞ-in Sərmayələr Departamentinin direktoru İlham Nəsirov, Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Rəşid Məcidov, "Azerkosmos" Şirkətinin icraçı direktoru Rəşad Nəbiyev və başqaları çıxış ediblər. İştirakçılar arasında Fransanın "Bouygues", "Vinci" və "Systra" şirkətlərinin rəhbərləri də olub.
Xatırladaq ki, Avropa-Azərbaycan Biznes Forumu 2011-2012-ci illərdə Londonda keçirilmişdir.