...

Qiymətli Metallara Nəzarət Dövlət Xidmətinin yoxlamaları dövlət büdcəsinə 170 min dollardan çox vəsait qazandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2013 13:36 (UTC +04:00)
Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2013-cü ilin I rübü ərzində 18 sahibkarlıq subyektində dövlət əyar nəzarəti tədbirləri keçirilib.
Qiymətli Metallara Nəzarət Dövlət Xidmətinin yoxlamaları dövlət büdcəsinə 170 min dollardan çox vəsait qazandırıb

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2013-cü ilin I rübü ərzində 18 sahibkarlıq subyektində dövlət əyar nəzarəti tədbirləri keçirilib. Trend-in çərşənbə günü Maliyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı qiymətli metallar və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 15535 ədəd zərgərlik məmulatı aşkar edilib.

Həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən edilib. Dövlət Xidməti tərəfindən həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatların üzərindən təmizlənib, məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.

2013-cü ilin I rübü ərzində keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsinə, müvafiq olaraq 136,12 min manat məbləğində dövlət rüsumunun və İnzibati Xətalar Məcəlləsinə əsasən 10,4 min manat məbləğində inzibati cərimənin ödənilməsi təmin edilib.

2013-cü ilin I rübü ərzində Xidmətə ekspertiza, analiz, əyarlanmaq və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarına görə 411,762 min manat məbləğində dövlət rüsumunun büdcəyə ödənilməsi təmin edilib.

Keyfiyyətsiz zərgərlik məmulatlarını əldə etməklə maliyyə itkilərinə məruz qalmaq təhlükəsi ilə üzləşməmək üçün Dövlət Xidməti vətəndaşlara dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarını almamağı tövsiyə edir.

"2012-ci ildə sahibkarlar tərəfindən edilmiş müraciətlər əsasında 446 sayda lisenziya verilib, 27 sayda lisenziyanın fəaliyyəti dayandırılıb, 15 sayda lisenziya ləğv edilib. Həmçinin qeyd edilib ki, 15 fiziki şəxs və 25 hüquqi şəxs olmaqla, 40 sahibkar tərəfindən lisenziyanın alınması ilə bağlı ərizə elektron xidmət vasitəsilə daxil olub. 2012-ci ildə xüsusi razılıq (lisenziya) ilə əlaqədar 228,25 min manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib" , - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti