...

Azərbaycanda ilin əvvəlindən 11 tondan çox yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2013 17:51 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti konfransı Qazaxda keçirmişdir.
Azərbaycanda ilin əvvəlindən 11 tondan çox yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Azərbaycan, Bakı, 22 may /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti konfransı Qazaxda keçirmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və istehlakçılar iştirak etmişlər.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycanda istehlakçı hüquqlarının qorunmasının həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulamış, ölkəmizdə bu sahəyə böyük diqqət göstərildiyini qeyd etmişdir. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin, istehlakçı fəallığının artırılmasının əhəmiyyətini diqqətə çatdıran Araz Əliyev Dövlət Xidmətinin təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların bu baxımdan mühüm önəm kəsb etdiyini vurğulamışdır. Bildirilmişdir ki, 2012-ci və bu ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 200 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 20 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanmış, televiziya kanallarında sosial reklam çarxları yayımlanmışdır.

Maarifləndirmə tədbirləri hazırda da davam etdirilir. KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.

Qazaxda təşkil edilmiş tədbirdə həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilmişdir.

Rəis müavini Araz Əliyev bildirmişdir ki, istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə Dövlət Xidməti tərəfindən müxtəlif nəzarət tədbirləri həyata keçirilir. Dövlət Xidməti tərəfindən ötən il keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri qanunvericiliyin tələblərinə uyğun olmayan 84,6 ton, bu ilin ötən dörd ayında isə 11,1 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilmişdir.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar.

İctimai təşkilatların nümayəndələri istehlakçı hüquqlarının qorunmasında sahibkarların və istehlakçıların vəzifələri barədə danışmış, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması istiqamətində müxtəlif təkliflər səsləndirmişlər.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti