...

Hesablama Palatası 2012-ci il dövlət büdcəsinin uğurla icra olunduğunu hesab edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2013 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir M.Əliyev/

Hesablama Palatası 2012-ci il dövlət büdcəsinin uğurla icra olunduğunu hesab edir. Trend-in məlumatına görə, bunu cümə axşamı Palatanın sədri Heydər Əsədov Milli Məclisin İqtisadi siyasət komitəsinin 2012-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə həsr edilmiş iclasında deyib.

Onun sözlərinə görə, düzgün iqtisadi siyasət nəticəsində və dünya iqtisadiyyatında ikinci durğunluğu gözləməklə Azərbaycan ötən il də iqtisadiyyatın sabitliyini təmin edə bildi və nəticədə dövlət büdcəsinə yenidən baxıldıqdan sonra 255 milyon manat məbləğində əlavə daxilolmalar təmin edildi.

Əsədov bildirib ki, ötən illərdə büdcənin icrasına baxılarkən bəzi bəndlər üzrə icra etməmə faktları aşkarlandığı halda, 2012-ci ildə belə faktlar olmayıb: "2012-ci ilin dövlət büdcəsi 98,6 faiz icra olunub ki, bu da son illərdə ən yüksək həddir. Bununla belə, büdcənin 100 faiz icrası absurddur. Həmçinin, ötən il dövlət büdcəsinə əməkhaqqıları üzrə 64 milyon manat qənaət edilib. Mal və xidmətlərin alışı, kommunal xərclər üzrə isə bu göstərici 59 milyon manat olub".

Onun sözlərinə görə, müsbət amil ondan ibarətdir ki, ölkə son illərdə limitin 50-60 faizini istifadə etmir və bununla əlaqədar olaraq büdcənin defisiti 134,9 milyon manat təşkil edib, halbuki bu rəqəm 638 milyon manat proqnozlaşdırılırdı. Xəzinədə qalıq 465 milyon manat olub.

Onun sözlərinə görə, ümumilikdə ötən il planlaşdırılan bütün sosial layihələrin həyata keçirilməsi və Sovet əmanətlərinin əhaliyə qaytarılması ilə yadda qalıb.

Qanun layihəsi baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib və mayın 31-də müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti